"Proses 2029-cu ilə qədər davam edəcək və biz yeni PISA qiymətləndirməsinin ilk nəticələrinin 2031-ci ilin dekabr ayında hazır olacağını gözləyirik".
AzEdu.az xəbər verir ki, bunu bu gün COP29 çərçivəsində təşkil edilən media brifinqində elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bir çox ölkə bu təşəbbüsə qoşulacaq və müxtəlif ölkələrdə yaşıl təhsil sahəsində əldə edilmiş nəticələrin müqayisəli məlumatları əldə olunacaq:
“Hazırda müzakirələr, məlumat mübadiləsi davam edir”.
Nazir iqlim fəaliyyəti istiqamətində ikinci təşəbbüsdən danışaraq əlavə edib ki, universitetlərin davamlılıq səviyyələrini ölçən “Davamlı universitetlər reytinqi”nin növbəti nəticələri bu axşam saat 19:00-da elan olunacaq:
“Biz hesab edirik ki, bu reytinq universitetlərin daha təmiz və davamlı olmaq üçün necə fəaliyyət göstərə biləcəyinə dair bir çox məlumat və göstəricilər təqdim edəcək. Bu, müxtəlif yanaşmalar, göstəricilər və metodologiyaları əhatə edir və ali təhsil müəssisələrində davamlılığın qiymətləndirilməsi böyük töhfə verəcək”.
“Azərbaycan müəllimi” qəzeti