Azedu.az

Bəzi məktəblərdə idman dərsləri müvafiq plana əsasən keçirilmir

11 Noyabr 2024, 20:38
Bəzi məktəblərdə idman dərsləri müvafiq plana əsasən keçirilmir

"Bəzi valideynlər uşağı idman dərsinə girməsin deyə xəstəlik barədə arayış da təqdim edirlər".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd edib. 

 

Ekspert bildirib ki, havaların soyuması ilə bağlı məktəblərdə fiziki tərbiyə dərslərinin keçirilməsi barədə bəzi narahatlıqlar formalaşır:

 

"Valideynlər narazılıq edir ki, məktəbdə fiziki tərbiyə dərsləri zamanı şagirdlər tərləyir və xəstələnir. Müəllimlər də şikayət edir ki, şagirdlər fiziki tərbiyə dərslərinə laqeyd yanaşır. Dərslərdə idman geyimi gətirmirlər, dərsdən yayınırlar və s. Hətta bəzi valideynlər uşağı idman dərsinə girməsin deyə xəstəlik barədə arayış da təqdim edirlər. 

Hər kəs bilməlidir ki, məktəblərdə fiziki tərbiyə dərsləri Elm və Təhsil Nazirliyinin təqdim etdiyi plana əsasən digər fənlər kimi tədris olunmalıdır. Amma təəssüflər olsun ki, bəzi məktəblərdə və bəzi müəllimlər tərəfindən fiziki tərbiyə dərsləri plana uyğun tədris olunmur.

Müəllim öz istək və arzusuna uyğun şagirdlərə dərs keçir. Bəzi valideynlər dərslərdə ancaq top oyunlarının olduğunu bildirir və narahatlığını ifadə edir. Top oyunlarında uşaq tərləyir və xəstələnir. Yaxud da, fiziki təmas nəticəsində əzilir. Xəstələnən və zədə alan uşaq digər dərslərdən də geri qalır".

 

Həmsöhbətimiz vurğulayıb ki, məktəblərdə şagirdlərə fiziki tərbiyə dərsləri təqdim olunan plana uyğun tədris edilsin:

 

"Haqlı iradları nəzərə alaraq bildirmək istəyirəm ki, fiziki tərbiyə dərsləri yalnız futbol, voleybol, basketbol oyunlarından ibarət deyil. Uşaqlar xoşlayırlar deyə bəzi müəllimlər bu idman növlərini fiziki tərbiyə dərslərində keçirlər. Bu da uşaqların fiziki olaraq formalaşmasında, həmçinin bəzi şagirdlərin (bu oyunları bacarmayan oğlan və yaxud qız şagirdlərin) passivləsməsinə gətirib çıxarır.

Eləcə də şagirdlər 11-ci sinifdə Xüsusi Təyinatlı Akademiyalara və İdman Akademiyasına qabiliyyət imtahanı zamanı normativləri verəndə çətinlik çəkir.

Tövsiyə olunan odur ki, məktəblərdə şagirdlərə fiziki tərbiyə dərsləri təqdim olunan plana uyğun tədris edilsin. Məktəb rəhbərliyi də bunu nəzarətə götürsün. Elm və Təhsil Nazirliyinə bağlı müvafiq Agentlik (MÜTDA) də monitorinq zamanı bunu nəzərə alsın. Jurnala yazılan illik plandan şagirdlərin məlumatının olub-olmadığı yoxlanılsın.

Nümunə olaraq bir sinfin fiziki tərbiyə illik planını qısaldılmış formada qeyd edirəm. Fiziki tərbiyənin formaları və onun məzmunu, ayrı-ayrı hərəkət qabiliyyətləri, sürət tədris vahidi, bacarıq və vərdişlər, sürət güc tədris vahidi, sürət hərəkət texnikası , sürət qabiliyyətinin inkişafı, əyilgənlik qabiliyyəti , çeviklik hərəkətləri, voleybol, həndbol, basketbol, futbol, özünümüdafiə hərəkətləri, gimnastika hərəkətləri, turnik hərəkətləri, paralel qollar, qüvvə qabiliyyəti, dözümlülük, üzmə üsulları və s".

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox