Bu gün hər bir abituriyent dərslərinin çoxunu telefonundakı PDF-lər vasitəsilə oxuyur. Hətta bəziləri dərs vəsaitlərini almayıb, elektron formatlardan istifadə edirlər. Valideynlər övladlarından telefonu atıb dərs oxumasını tələb etdikdə isə tez-tez: "dərsim telefondadır", cavabını alırlar.
Telefonda uşaqların dərs oxumasına mane ola biləcək bir çox faktor olduğunu nəzərə alsaq, orada oxuduqları materialların onların üzərində nə dərəcədə effektiv olacağı sual altındadır.
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlamasında bildirib ki, dərs vəsaitlərini kitab mağazalarından alıb istifadə etmək, telefonda olan PDF-lərdən daha keyfiyyətli biliklər əldə etməyə imkan verir:
“Cəmiyyətin və gəncliyin ən bəlalı yerlərindən biri telefondur. Mən həmişə qeyd edirəm ki, telefon yaradıcıları onu yaxşı, bizim cəmiyyət isə pis tərəflərindən istifadə edir. Telefon əlbəttə, çox faydalıdır, çünki bütün elmi tədqiqatlar, məlumatlar və s. burada mövcuddur. Sevindirici olardı ki, gənclər, xüsusilə abituriyentlər bu materiallardan faydalansınlar. Amma təəssüf ki, vəziyyət belə deyil”.
Ekspert valideynlərə və müəllimlərə çağırış edib:
“Gənclərimizin, xüsusilə abituriyentlərin smartfonlardan istifadə etməsini əngəlləmək lazımdır. Xüsusilə ingilis dili müəllimlərində müşahidə olunur ki, tapşırıqları PDF-lərlə verir. Müəllimlərdən xahiş edirəm ki, bu məsələdə diqqətli olsunlar. Dövlət İmtahan Mərkəzi (DİM), hazırlıq kursları və fərdi müəllimlər tərəfindən nəşr olunan dərs materialları, test bankları var. Bu dərs vəsaitlərindən istifadə etməklə, abituriyentlər çox rahat şəkildə ali məktəbə qəbul oluna bilərlər”.
Ekspert telefonların abituriyentlər üçün bir neçə zərərindən danışıb:
“Telefon gənclər üçün vaxt itkisidir, eyni zamanda yuxusuzluq problemi və sosial mediaya bağlılıq yaradır. Telefon abituriyentin çox vaxtını sosial şəbəkələrdə və ya başqa qeyri-faydalı fəaliyyətlərdə keçirməsinə səbəb olur. Abituriyent dərsləri bitirdikdən sonra sosial şəbəkələrə göz atmaq istəyir, amma həmin yarım saat 3 saata çevrilir. Yuxusuz olan abituriyent üçün keçirilən dərsin heç bir əhəmiyyəti olmayacaq.
Bundan başqa, sosial mediada populyarlıq qazanan digər şəxslərin video və şəkillərinə baxan abituriyentlər, özləri də bənzər videolar çəkməyə başlayırlar. Bəyənilərinin və izləyicilərinin sayı artdıqca, dərs hazırlığı ikinci plana keçə bilər.
Biz cəmiyyəti inkişaf etdirmək istəyiriksə, bunun tək yolu oxumaqdır. Amma təəssüf ki, bu gün cəmiyyətin marağı yalnız “TikTok” və digər sosial şəbəkələrə yönəlib. Avropada elmi-araşdırmalar və oxşar mövzularla bağlı paylaşımlar böyük bəyənilər alır, amma Azərbaycanda təhsil və elmə dair hər hansı bir paylaşım çox az bəyənilir. Bizim cəmiyyətdə təhsilə və elmə maraq demək olar ki, ölüb. Avropada insanlar telefonun yaxşı tərəflərindən yararlanır, biz isə onu uçuruma aparan vasitə kimi istifadə edirik.
Bu çağırış həm valideynlər, həm də müəllimlər üçün ciddi bir xəbərdarlıqdır. Gənclərin inkişafı üçün elektron vasitələrin düzgün və məqsədyönlü istifadəsi vacibdir”.