Azedu.az

Azyaşlıların mediada icazəsiz paylaşılması: Onları hansı cəzalar gözləyir?

5 Noyabr 2024, 14:08
Azyaşlıların mediada icazəsiz paylaşılması: Onları hansı cəzalar gözləyir?

Sosial şəbəkələrdə və mediada uşaqlarla bağlı bir çox xəbərlər paylaşılır. Lakin bəzən bu xəbərləri yayımlayan sosial şəbəkə istifadəçiləri və media qurumları, azyaşlı uşaqların şəkil və videolarını tanınmaz hala gətirmir, üzlərini gizlətmirlər.

 

Şəxsi həyatın toxunulmazlığı prinsipinə əsasən, belə hallar yolverilməzdir. Buna baxmayaraq, jurnalist etikası ilə bağlı ciddi qaydalara riayət etməyən və şəxsi məlumatların qorunmasını gözardı edən bir çox şəxs və qurum fəaliyyət göstərir.

 

Maraqlıdır, azyaşlıların şəkillərini ictimaiyyətə açıq və valideyndən icazə almadan paylaşan şəxsləri hansı cəzalar gözləyir?

 

Mövzu ilə bağlı AzEdu.az-a Vəkillər Kollegiyasının üzvü Babək Umudovun sözlərinə görə, bu mövzu ictimaiyyətdə kifayət qədər işıqlandırılmır və bu kimi əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunması hallarına demək olar ki, rast gəlinmir:

148546

“Bunun əsas səbəbi insanların hüquqlarını bilməməsindən, ictimaiyyətin maarifləndirilməməsindən qaynaqlanır. Əvvəla qeyd edim ki, uşaq dedikdə, 18 yaşına çatmayan şəxslər nəzərdə tutulur. Qeyd edilən hallara yol verən şəxslər uşaqların valideyni və ya tamamilə başqa insanlar ola bilər. Bu, həmin əməllərə yol verənin məsuliyyətinə də təsir edir.

 

Uşaqların şəkillərinin, videolarının paylaşılması onların şəxsi və ailə sirri hesab olunur. Valideyn övladlarının birbaşa qanuni numayəndəsidir. Ona görə də özləri uşaqlarının şəkil və videolarını paylaşdığı zaman məsuliyyətə cəlb olunarlarsa, o zaman bu, cəmiyyətdə birmənalı qarşılanmaya bilər. Ancaq kənar şəxslər tərəfindən bu cür hallara yol verilməsi birmənalı olaraq yolverilməzdir.

 

Bunu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1-ci maddəsi də deyir: Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, foto və video çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması 1000 manatdan 2000 manatadek cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

 

Göründüyü kimi bizim cinayət qanunvericiliyində bu kimi əməllərə yol verənləri ciddi cəzalar gözləyir.

 

Eyni zamanda Azərbaycan Respublikasının da ratifikasiya etdiyi Uşaq Hüquqları Konvensiyasının 16-cı maddəsində heç bir uşağın onun şəxsi həyat, ailə həyatı, mənzilinin toxunulmazlığı və ya yazışma sirri hüququnun həyata keçirilməsinə özbaşınalıqla və ya qanunsuz surətdə müdaxilə obyekti və ya onun şərəf və nüfuzuna qanunsuz qəsd edilmək obyekti olmayacağı təsbit edilib”.

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub məlumat verib ki, azyaşlıların görüntülərinin paylaşılması onların gələcək həyatına, karyerasına təsir göstərir, eyni zamanda psixoloji travma almasına səbəb ola bilər:

148547

“Media mənsubları, jurnalistlər, saytlar, media mərkəzləri bu məsələni ciddi nəzərə almalıdırlar. Ümumiyyətlə media məsələsi çox ciddi və məsuliyyətli məsələdir. Media işçiləri bu məsuliyyətin fərqində olmalıdırlar, insanların şəxsiyyəti qorunmalıdır, xüsusilədə uşaqların şəxsiyyətinə ziyan gələ biləcək nüanslardan çəkinməlidirlər.

 

Təkcə uşaqlara yox, böyük yaşda olan insanlara da bəzən həqarət xarakterli yazılar yazıb, xoşagəlməz materiallar yayımlayırlar. Buna demək olar ki, hamı şahid olur. Ona görə həmin saytların rəhbərləri bu kimi hadisələrin qarşısını almalıdırlar.

 

Belə saytlar get-gedə bumeranq effekti ilə gözdən düşürlər və özlərini dəyərsizləşdirirlər. Media mənsubları bu məsələləri, insanların şəxsiyyətini ciddi nəzərə almalıdırlar. Şəxsiyyət toxunulmazdır”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox