Azedu.az

Psixoloq: "Uşaqlara psixoloji şiddət göstərmək cahillikdir"

Xəbərlər

4 Noyabr 2024, 15:27
Psixoloq: "Uşaqlara psixoloji şiddət göstərmək cahillikdir"

Son dövrlərdə valideynlərin övladlarına göstərdikləri təzyiqin artdığı müşahidə olunur. Təhsil sisteminin tələbləri, cəmiyyətdə daha mükəmməl olma arzusu və sosial medianın yaratdığı ideal standartlar, valideynlərin uşaqlarına olan gözləntilərini artırıb. Müsabiqə mühitinin gərginləşməsi, uşaqların akademik və idman sahələrində daha çox uğur qazanma istəyi ilə birləşərək, valideynlərin əlavə təzyiq göstərməsinə səbəb olur.

 

Bəs valideynlərin adıçəkilən mövzulara görə övladlarına psixoloji təzyiq, şiddət göstərməsi gənclərin həyatına necə təsir edir?

 

Mövzu ilə bağlı AzEdu.az-a psixoloq Nizami Orucov bildirib ki, psixoloji şiddət özlüyündə çox ağır və bərpası çətin prosesdir:

 

“Fiziki şiddətin özü də yüngül deyil. Əsla tərəfi tutula bilməz. Amma psixologiyaya vurulan zədə həyatın təkcə bir bölümünə ziyan vurmur. Bütün gələcək dövrlərə, həyatın sahələrinə, münasibətlərə təsir edir. Bunun keçib getməsi xeyli çətin, verdiyi ziyan çox dərindir. Şiddətin hər növünə nəzər salsaq psixoloji şiddətə gəlib çıxacaq. Çünki insanın varlığının dayağı psixoloji sağlamlığı, möhkəmliyidir.

 

Uşaq hələ şəxsiyyət kimi formalaşmağa yeni başlayan, özünü tapmağa çalışan, ağlı suallarla dolu fərddir. Bu prosesdə valideynin şiddətə üz tutması və uşağına bu cür qalıcı ziyan vurması birbaşa cahillikdir. Uşaq sabahın ana/atası, işçisi, müdiri, partnyorudur. Uşağını alçaldan, sındıran valideynlər sabahkı insanları da alçaldırlar. Bünövrədən zədələrlə böyüyən uşaq iki yol ilə davam edəcəkdir:

 

Ya bu psixoloji zədəsinin fərqinə varıb, toparlanmağa, dağılmış şəxsiyyətini düzəltməyə çalışacaq, ya da həmin psixologiya ilə “yaşamağa” davam edəcək.

 

“Mən” liyi alçalmış, dinlənilməyən, gücü çatanın üzərində güc tətbiq etdiyi uşaq formalaşmaqda, azad şəxs olmaqda əziyyət çəkəcəkdir. Ömür boyu içində basdırılmış, gizlədilmiş hissləri ilə yaşamağa məcbur qala da bilər. Sadəcə şiddət, danlaq deyib keçmək olmaz”.

 

Psixoloq valideyn təzyiqi ilə psixologiası pozulmuş uşaqları sağaltmağın yollarından danışıb:

 

“Şiddəti görən uşaq üçün standartlar da şiddət göstərməyə doğru inkşaf edə bilər. Əsas məsələ şiddətin doğru tərbiyə metodu olmadığını izah etməkdir.

 

Tərbiyə etmək incitmək deyil, eyni zamanda təqdir, tərif edilməkdir. Uşağın psixologiyasını sağaltmaq üçün onun məhv olmuş normalarını düzəltmək, şəxsiyyətinin bərpasına çalışmaq, “Mən”ini, əzilmiş özünü ortaya çıxarmasına izin vermək, dinləmək, dəyər vermək və ən əsası ona bu şiddəti göstərən insanları maksimum maarifləndirmək lazımdır”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox