Məlumdur ki, 2008/2009-cu tədris ilindən etibarən Azərbaycan ümumtəhsil məktəbləri yeni təhsil strategiyasına - kurikuluma keçdi. Bu sistemə alışmaq isə müəllimlər üçün qismən çətin oldu.
Maraqlısı odur ki, sözügedən strategiya təhsilimizə necə təsir etdi?
Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə bəzi regionlarda hələ də ənənəvi metodlarla dərslər keçirilir:
“Kurikulum müasir təhsil üçün effektiv sistemlərdən, alternativ istiqamətlərdən biridir. Üstündən illərin keçməsinə baxmayaraq, bu sistem hələ də bütövlükdə bütün məktəblərdə tam oturuşmayıb. Elə məktəblər var ki, xüsusilə də ucqar rayonlarda yerləşən təhsil ocaqlarında dərslər ənənəvi metodlarla davam etdirilir. Təhsilin davamlılığını nəzərə alsaq, yuxarı siniflərdə kurikulum sistemi xeyli yenilənib. Amma bu yenilik necə tətbiq edilir? Bu, birmənalı deyil”.
Ekspert vurğulayıb ki, əgər kurikulum tamlığı ilə tətbiq edilsəydi, xeyli müsbət nəticələr əldə edilə bilərdi:
“Digər tərəfdən, innovativlik, texnologiyanın inkişafı bu sistemin də daim yenilənməsini tələb edir. Kurikulum nəticəyönümlülüyü, inkişafyönümlülüyü, inkluzivliyi tələb edir. Kurikulum özündə yeni məzmun, müasir təhsil texnologiyalarını, yeni təhsil resursları daşımalıdır. Bu sistem təlim-tədris prosesinə yaradıcı yanaşmanı tələb edir”.
R.Fikrətoğlu milli modelin tərəfdarı oluğunu qeyd edib:
“Əcnəbi sistemlər bizdə elə də effektivlik sərgiləyə bilmir. Xərc çox, effektivlik o qədər də yüksək olmur. Misal üçün Finlandiya özünəməxsus tədris modelini yaradıb. Çox da uğurlu alınıb. Bunun Azərbaycan variant da ola bilər. Öz milli modelimizi yarada bilərik”.