Elm və təhsil naziri Emin Əmrullayev çıxışlarının birində qeyd edib ki, "Ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var".
O, bildirib ki, hökumətə təqdim olunan bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi texniki xarakter daşıyır.
Bəs, görəsən, həmin islahatlar necə təşkil olunmalıdır? İxtisasların gələcəkdə əmək bazarının tələblərini qarşılaması üçün hansı addımlar zəruridir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, universitetlərlə bağlı islahatlar fərqli istiqamətdə ola bilər:
“Bir çox ixtisaslar var ki, onlarda tədris ilinin 4 il olmasına ehtiyac yoxdur. Burada humanitar ixtisasları xüsusilə vurğulamaq yerinə düşər. Əksər ixtisasların magistratura pilləsində bakalavrda keçirilmiş dərslər təkrar keçirilir. Hesab edirəm ki, belə ixtisaslarda keçirilməsi lazım olmayan, bir-birini təkrarlayan fənləri tədrisdən çıxarmaqla, müddəti 3 ilə endirmək daha məqsədəuyğundur.
Bu, bütün ixtisaslara aid deyil. Keçirilən fənlərə nəzər salınmalı, innovativ düşüncəyə, yeniliyə və ixtisasın profilinə uyğun gələn fənlərin tədrisinə şərait yaradılmalıdır. Mütəxəssis olmaq istəyən tələbəyə ixtisasyönümlü, onu əmək bazarına uyğunlaşdıra bilən fənlər üzrə bilgilər lazımdır”.
Ekspert bildirib ki, hər bir ali təhsil müəssisəsi əmək bazarının tələblərinə uyğun istiqamət götürməlidir:
“Hansı ixtisasa tələbat varsa, həmin ixtisasların plan yerlərini artırmaq lazımdır. Məsələn, bu gün ibtidai sinif müəllimliyi ixtisasına o qədər də ehtiyac yoxdur. Çünki yetərincə məzun var. Deməli burada plan yerlərini azaltmaq lazım gəlir. Elə ixtisaslar da var ki, onlar bir-birini təkrarlayır. Məsələn I ixtisas qrupda ekologiya mühəndisliyi ilə IV ixtisas qrupda ekologiya ixtisası. Odur ki, belə ixtisasları birləşdirib, əsas fənləri tədris etməklə mütəxəssis hazırlamaq olar. Düşünürəm ki, cənab nazir nitqində bu kimi istiqamətlərdə olan dəyişiklikləri nəzərdə tutub”,- deyə fikrini tamamlayıb.