"Müəllimlərin işə qəbulu üzrə müsabiqənin məqsədi bilik və bacarıqları yüksək, perspektivli müəllimləri seçmək və tədris prosesinin keyfiyyətini yüksəltməkdir".
AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində qeyd edib.
E.Bağırov qeyd edib ki, müsabiqənin keçirildiyi ilk illərlə müqayisədə müraciətçi sayı çoxalıb:
"Ümumi təhsil müəssisələrində pedaqoji kadr təminatını keyfiyyətli və çevik keçirmək məqsədilə hər il müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir. Bu müsabiqə paytaxt və böyük şəhərlərlə yanaşı, ölkənin müxtəlif kənd və ucqar məktəblərinə də keyfiyyətli pedaqoji kadr təminatını həyata keçirməyə imkan verir.
Bu il keçirilən MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma faizi 90 faizin üzərində olmuşdur.
Bəzən kütləvi informasiya vasitələrində, eyni zamanda vətəndaş müraciətlərində vakant yer seçimlıri ilə bağlı müxtəlif fikirlər səsləndirinin şahidi oluruq. Apardığımız təhlil və araşdırmalarımız onu deməyə imkan verir ki, daxil olan müraciətlərin əsas hissəsi, namizədlərin vakant yer seçimləri zamanı daha çox paytaxt və böyük şəhərlərə üstünlük verməsi ilə bağlıdır.
Biz bu məsələlərdə unutmamalıyıq ki, müsabiqənin əsas məqsədi perspektivli, yüksək bacarıqlı müəllimləri ölkə üzrə fəaliyyət göstərən bütün məktəblərə qazandırmaqdır. Biz həm paytaxt məktəblərinə, həm də ucqar kənd məktəblərində rəqabətli əsaslarla, eyni meyarla seçilmiş müəllimlər cəlb etmək istəyirik".