Sosial şəbəkələr və mediada əks etdirilən xəbərlərdə görünür ki, 15-16-17 yaşlı gənclər evliliyə daha meyillidir. Halbuki, bu yaşdakı gənclər daha çox təhsilə və əyləncəyə yönəlməlidirlər.
Maraqlı olan budur ki, əvvəllər qız övladları məcburi olaraq, ailə təzyiqi ilə evləndirilirdisə, indi onlar ailə həyatı qurmağa könüllü şəkildə razı olurlar.
Bəs, niyə gənclər arasında düşüncə tərzi bu istiqamətdə dəyişib?
Mövzu ilə bağlı AzEdu.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, biz uşaqlarımıza evliliklə bağlı düzgün tərbiyə edə bilmirik:
“18 yaşına çatmayanların evliliyi əslində, uşaq evliliyidir və qanunlarımıza görə, heç bir halda yolverilməzdir. 18 yaşına çatmadan dövlətimiz bu nigahı tanımır, beləliklə, vətəndaş nigahı, sivil nigah yaranır. Bunu nə qədər yumşaq formada ifadə etsək də, bu, yolverilməzdir və qadağandır. Lakin 18 yaşından sonra uşaqlarımıza bir şeyi aşılamaq lazımdır: əgər təhsilinə maneə törətməyəcəyini düşünürsənsə, evlilik sənin yolunda problem olmamalıdır. Ailə qurduqda təhsili ikinci plana atmadan hər ikisini eyni formada inkişaf etdirə bilərsənsə, evlənməyində heç bir problem yoxdur.
Əgər övladınız 18 yaşına çatdığı zaman evlənmək istəyirsə və uğurlu seçim edirsə, ona mane olmaq doğru deyil. Bəzən valideynlər 18-19 yaşında övladlarını evlənməyə icazə vermir, onlar ilə maarifləndirici söhbət aparmaq yerinə cəzalar tətbiq edirlər. Belə olduqda, gənc evdən gedir və qaçaraq evlənir. Halbuki, onunla maarifləndirici söhbət edilsəydi, valideyni ona yaxşı formada hər şeyi başa salsaydı, bəlkə də o, seçimini bir daha gözdən keçirəcəkdi.
18 yaşına çatmış vətəndaş doğru seçim etdiyini düşünərək evlənmək istəyirsə, onun qarşısına məhdudiyyət qoymaq doğru deyil. Lakin qanunun icazə verdiyi yaşdan aşağı evlilik, uşaqların məsuliyyəti dərk etmədən verdikləri qərardır. 16-17 yaşındakı bir gənc, təhsilə diqqətini yönəltməlidir. 18 yaşından sonra artıq ailə həyatı barədə düşünməyə başlaya bilər”.
Sosioloq qeyd edib ki, bir çox hallarda yaşı az olan gənclər valideyn təzyiqi ilə evləndirilir:
“15 yaşında olan bir gənc, ailə həyatı, onun məsuliyyəti barədə tam məlumatlı deyil və qarşıda onu nələrin gözlədiyini dərk etmir. Bu səbəbdən, valideyn təhriki ilə evlənir, uşaq evliliyi və erkən nigah baş verir. Dövlət, bu nigahı tanımır və beləliklə, nigahdan kənar doğulmuş uşaq sayılır. Burada valideynlərin təzyiqi əhəmiyyətli rol oynayır.
Bu kimi hadisələrin qarşısını almaq üçün nəzarət mexanizmi sərtləşdirilməlidir. Valideynin məsuliyyəti artırılmalıdır. Məsələn, 14-15 yaşında uşağını evləndirdiyinə görə həbslə cəzalandırılan valideyn heç olmayıb.
Əgər belə bir vəziyyət aşkarlanırsa, yüngül miqdarda cərimə olunurlar və buraxılırlar. Bu, digər valideynlər üçün stimul yaradır: "Filankəs qızını 14 yaşında evləndirdi, ona nə etdilər ki, mənə də etsinlər?". Cəzalar elə müəyyənləşməlidir ki, valideynlər bunu etməkdən çəkinsinlər”.