Son zamanlar ətrafımızda artan psixososial risklər səbəbindən uşaqlar arasında yalnız disleksiya deyil, həm də diqqət defisiti hiperaktivlik sindromu (DDHS) kimi problemlərin artdığı müşahidə olunur. Bu, yetkinlər arasında şiddət göstərmə, öyrənmə çətinlikləri, inkişaf geriliyi və nitq ləngiməsi hallarında da özünü göstərir.
Mövzu ilə bağlı pediatr Nigar Bayramova AzEdu.az-a verdiyi açıqlamada bildirib ki, bəzən ailələrdə diqqət defisiti hiperaktivlik sindromlu uşaqlar ilə disleksiyalı uşaqlar qarışdırılır:
"Son zamanlar artan psixososial risklər sayəsində yalnız disleksiya deyil, DDHS, inkişaf gerilikləri, yeniyetmələr arasında şiddət, autizm, nitq ləngiməsi sürətlə artmaqdadır. Ona görə də, uşaqlarımızın, xüsusilə erkən yaşlarda inkişaf mütəxəssisləri tərəfindən dəyərləndirilməsi və inkişaf çətinliklərinin vaxtında aşkarlanması vacibdir".
N.Bayramova disleksiyanın son dövrlərdə artmasının valideynləri və mütəxəssisləri narahat etdiyini vurğulayıb:
“Disleksiya öyrənmə çətinliyidir. Bu, insanların müəyyən nitq bacarıqlarında, xüsusilə də oxumaqda çətinlik yaşamasına səbəb olur. Belə şübhəli vəziyyətlərdə, valideynlər mütəxəssis rəyi alaraq, düzgün diaqnoz barədə məlumatlı olmalıdırlar”.
O, disleksiyalı uşaqların davranışlarının yaşıdlarından fərqli olacağını qeyd edərək, ailələrə daha səbirli olmalarını, uşaqlarına qarşı əsəbi və hiddətli davranmamalarını tövsiyə edib:
"Mütəxəssislər diaqnoz qoyduqdan sonra disleksiyanın müalicəsi üçün atılacaq addımları bildirirlər. Müxtəlif strategiyalar mövcuddur: məsələn, dərsi qeydə alıb təkrar dinləmək, kitabı oxumaq əvəzinə dinləmək və yazını inkişaf etdirmək üçün kompüter proqramlarından istifadə etmək.
Disleksiyalı uşaqlar çətin olsa da, öyrənə bilirlər. Yəni onların normal siniflərdə, digər şagirdlərlə birlikdə təhsillərinə davam etdirmələri mümkündür. Lakin bəzilərinin xüsusi təhsilə cəlb olunmalarına ehtiyac yaranır.
Disleksiyanın müalicəsində xüsusi diqqət edilməli olan məqamlar var. Əgər ailədə disleksiyalı uşaq varsa, onun beyninin daha asan tanıdığı yazı tiplərinin istifadə olunması, nitq terapiyası alması, kəlmələri ən kiçik səslərə ayıraraq öyrənməsi vacibdir”.