Azedu.az

Universitetlərdə təcrübə ilə bağlı dəyişiklik olacaq? - SORĞU 

Universitetlər

23 Oktyabr 2024, 09:22
Universitetlərdə təcrübə ilə bağlı dəyişiklik olacaq? - SORĞU 

Hər il IV kurs tələbələri ixtisaslarına uyğun təcrübə toplamaq üçün onlar üçün müəyyən edilmiş istehsalat müəssisələrinə yollanırlar.

 

Bəs, görəsən, bu il IV kurs tələbələri üçün praktikada hər hansı bir yenilik gözlənilirmi?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq universitetlər arasında sorğu keçirdik.

 

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, təcrübə müddəti təhsil standartlarına uyğun olaraq, təcrübə üçün ayrılmış kreditlər əsasında müəyyənləşir ki, bu da ixtisas qruplarından asılı olaraq dəyişir:

 

“Bu ilin əsas yeniliyi təhsil aldığı müddətdə ixtisası üzrə işləyən tələbənin əmək fəaliyyətinin təcrübə kimi tanınması məsələsidir”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) məlumat verilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 489 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası” 2024/2025-ci tədris ilindən tətbiq olunmağa başlayıb:

 

“Pedaqoji ixtisaslarda təcrübənin  yaz semestri ərzində keçirilməsi nəzərdə tutulduğu üçün, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni qaydalara əsasən təcrübə semestrinə hazırlıq gedir.

 

Belə ki, yeni qaydalara uyğun olaraq, Pedaqoji Universitetdə tələbələrin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamənin layihəsi hazırlanıb və hazırda daxili müzakirədədir. Həmçinin universitetin təcrübə proqramının və gündəliyinin, təcrübə baza məktəbləri ilə bağlanan müqavilənin nümunəsinin yenilənməsi prosesi aparılır.

 

Yeni təcrübə qaydalarına əsasən, tələbələrin təcrübə prosesi ilə bağlı müəyyən yeniliklər, təbii ki, olacaqdır. Bu yeniliklərin bir qismi Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalardan irəli gəlir. Digər qismi isə hazırda müzakirədə olan universitetin daxili əsasnaməsində əksini tapacaq.

 

Təcrübənin müddətində isə hansısa dəyişkliyin edilməsi hələki müzakirə mövzusu deyil. Təcrübənin müddəti (1 semestr, 30 kredit) 2020-ci ildə qəbul edilmiş müvafiq dövlət təhsil proqramları ilə müəyyən olunub.

 

Lakin təcrübənin formatı, qiymətləndirilmə metodları və təcrübənin keçiriləcəyi baza məktəbləri ilə bağlı müəyyən dəyişikliklərin edilməsi mümkündür və veriləcək qərarların təcrübənin başlanmasından bir müddət əvvəl ictimaiyyətə açıqlanması nəzərdə tutulur”.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib ki, hələlik yenilik yoxdur:

 

“Hələ ki, bununla bağlı yenilik nəzərdə tutulmayıb”.

 

Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova söyləyib ki, universitetin bakalavr pilləsində yalnız tibb bacısı işi, fizioterapiya və əczaçılıq fakültəsində təhsil alan IV kurs tələbələri üçün təcrübə planlaşdırılıb:

 

“Digər ixtisaslarda isə IV və V kurslarda təcrübə nəzərdə tutulmayıb. Ümumilikdə hər 3 ixtisasda bu təcrübələr 1 semestr ərzində təşkil olunur.

 

Bununla əlaqədar biz istər Səhiyyə Nazirliyi, istərsə də Elm və Təhsil Nazirliyinin razılığı ilə ixtisaslara müvafiq olaraq təcrübə bazaları müəyyənləşdirmişik. Həmin təcrübə bazalarında tələbələrin daha müasir tələblərə uyğun formada peşə bacarıqlarının inkişaf etdirilməsi üçün baza yaradılıb.

 

Müəyyən edilmiş bazalarda tələbələrin tədris təcrübələri, eləcə də istehsalat təcrübələri üçün rəhbərlər seçilir. Hər 3 ixtisasda təcrübələr tədris ilinin 2-ci semestrdə təşkil olunur. Təcrübə başa çatdıqdan sonra bacarıqların qiymətləndirilməsi formasında baza rəhbərləri tələbələrə müfaviq bal yazır”.

 

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova qeyd edib ki, təcrübə ilə bağlı qaydalar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Təhsil proqramları və onun əsasında Lənkəran Dövlət Universitetində təsdiq olunmuş Tədris planları və Təcrübə Qaydaları əsasında həyata keçirilir:

 

“Baytarlıq ixtisasında təhsil alan tələbələr hər il təcrübəyə 1 semesterlik Türkiyə Cümhuriyyətininnin Kars Kafkas Universiteti Baytarlıq klinikasında təcrübə keçirdilər. Bu il isə tədris proqramına əsasən sonuncu tədris ili tələbələri 1 semester Baytarlıq Elmi Tədqiqat İnstitutunun Baytarlıq klinikasında, ikinci semester isə Qars Qafqaz Universitetinin Baytarlıq klinikasına təcrübə məqsədilə göndərilməsi planlaşdırılır”.

 

Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov bildirib ki, təcrübə proqramları adətən tədris ilinin ikinci yarısına təsadüf edir, ancaq ilkin plan artıq tədris ili başlamamış hazır olur:

 

“Qərbi Kaspi Universiteti ietehsalat təcrübəsinin effektiv təşkilinə çalışır. Ölkənin aparıcı dövlət qurumları və nüfuzlu şirkətləri ilə istehsalat təcrübəsinin təşkili ilə bağlı müqavilələr çərçivəsində tələbələrimiz bu qurumlarda təcrübə keçirlər.

 

Onların özünü ən yaxşı tərəfdən göstərməsinin nəticəsidir ki, tələbələrimiz bu qurumlardan daha sonra iş təklifləri alırlar və istehsalat təcrübələri, əslində, onların uğurlu karyerasının başlanğıcına çevrilir.

 

Eyni zamanda bir sıra şirkət və təşkilatlarlarla müxtəlif ikitərfli layihələr çərçivəsində də tələbələrimizin həmin qurumlarda təcrübə keçmək imkanları, praktik məşğələlərə qatılmaq, iş prosesində iştirak imkanları olur”.

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev söyləyib ki, tələbələrin istehsalat təcrübəsinə göndərilməsi prosesi mərkəzləşdirilmiş şəkildə həyata keçirilir:

 

“Universitetin Təcrübə və Karyera Mərkəzi tərəfindən müəssisələrlə mütəmadi danışıqlar aparılır və istehsalat təcrübəsinin kefiyyətinin daha da artırılması üçün işlər görülür.

Hazırda mərkəzin respublikamızda fəaliyyət göstərən 150-ə yaxın müəssisə ilə təcrübə yönümlü əməkdaşlıq müqaviləsi mövcuddur. Mövcud müqavilələr çərçivəsində Universitetin sonuncu kurs bakalavr və magistr səviyyələrində təhsil alan tələbələri, həmin müəssisələrdə istehsalat və elmi-tədqiqat təcrübələri keçir. 14 həftə davam edən istehsalat təcrübəsi universitet tərəfindən izlənilir və gedişatda yaranan problem dərhal aradan qaldırılır.

Bundan əlavə, universitetimizdə hər il ənənəvi olaraq Karyera Sərgisi keçirilir. Bu sərgidə tərədaş, eyni zamanda AzMİU-nun profilinə uyğun müəssisələr tələbə və məzunlarımız üçün karyera imkanları ilə yanaşı təcrübə proqramları da təklif edirlər. Yüzlərlə tələbəmiz hər il bu proqramlardan yararlanır”.

 

Xəzər Universitetindən bildirilib ki, təcrübə müddəti həmişəki qayda da davam edəcək.

 

Azərbaycan Universitetindən (AU) məlumat verilib ki, təcrübənin məqsədi tələbənin bilik, bacarıq və səriştəsini inkişaf etdirmək, onları əmək bazarına hazırlamaqdır:

 

“Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 489 nömrəli Qərarına əsasən bütün ali təhsil müəssisələrində, o cümlədən də Azərbaycan Universitetində ixtisas üzrə təcrübə - müvafiq təhsil proqramının tərkib hissəsi olaraq keçirilməlidir. Təcrübənin məqsədi tələbənin bilik, bacarıq və səriştəsini inkişaf etdirmək, onları əmək bazarına hazırlamaqdır. Bu qərar ilə yeni qaydalar müəyyənləşdirilib və yeni qaydalar 2024-cü ilin 15 sentyabr tarixindən tətbiq olunur.

 

Tələbələrin ixtisas üzrə istehsalat təcrübəsi əvvəlcədən razılaşdırılmış müəssisəylə müqavilə bağlanılması ilə başlayır və təcrübə proqramına uyğun olaraq həyata keçirilir. Müəssisə müəyyən ediləndə tələbələrin istək və təklifləri də nəzərə alınır.

 

Təcrübəyə başlamazdan əvvəl tələbələr təlimatlandırılır, vəzifələri izah olunur və unversitet tərəfindən təyin olunmuş təcrübə rəhbərinin rəhbərliyi altında təcrübə müəssisələrinə yerləşdirilir. Təcrübə müddəti ərzində müəssisədən və universitetdən olan təcrübə rəhbərləri birgə fəaliyyət göstərirlər. 

 

Təcrübə müddəti 30 kredit olaraq müəyyənləşdirilib və ixtisaslarından asılı olaraq təşkil olunur. Bura Karyera planlaması,Yumşaq bacarıqlar (soft skills), Sərt bacarıqlar (hard skills) kimi dərslər, İstehsalat təcrübəsi (layihə) və müəssisədə istehsalat təcrübəsi daxildir. Müəssisədə istehsalat təcrübəsi keçən tələbələr sonda komissiya qarşısında prezentasiya edərək qiymətləndirilirlər ki, bu yenilikdir”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox