Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, riyaziyyat, ingilis dili, informatika, kimya, fizika, biologiya, coğrafiya, tarix və rus dili fənlərindən hazırlıq kurslarına qeydiyyat başlayır. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin istiqamətdə təhsili davam etdirən magistrlər də iştirak edə bilərlər.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qeydiyyat 22 oktyabr 2024-cü il tarixindən 26 yanvar 2025-ci il saat 23:59-dək aparılır.
Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az internet səhifəsində verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.
Kursun sonunda iştirakçılar müvafiq fənlər üzrə yoxlama imtahanından və kalibrləmə prosesindən (cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması) keçəcəklər. Həm yoxlama imtahanından, həm də kalibrləmə prosesindən müvəffəqiyyətlə keçənlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlara sertifikat veriləcək.
Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin istiqamətdə təhsili davam etdirən magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.
Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər (012) 310-53-16 (daxili nömrə: 1532) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Regional Bölmələrin ünvanları və əlaqə vasitələri ilə keçiddə tanış ola bilərsiniz.