Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
AzEdu.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Baş Prokurorluqdan isə bildirilib ki, sözügedən tuneldə daha bir cəsədin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
***
14:53
Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə iki nəfəri boğularaq ölüb.
AzEdu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.
İTV kanalının məlumatına görə, Sabunçu rayonu Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə axtarış-xilasetmə tədbirləri davam etdirilir. Əraziyə FHN-in texnikası və dalğıclar cəlb edilib.