Son illərdə Azərbaycanda məktəb mühitində valideynlərin roluna diqqət artmaqdadır. Bəzi məktəblərdə valideynlərin dərslərdə müşahidəçi qismində iştirakı, uşaqların təhsil prosesinə daha fəal şəkildə qoşulmasına şərait yaradır. Açıq dərs günləri, konsertlər və idman tədbirləri kimi fəaliyyətlər, valideynlərin uşaqlarının akademik və sosial inkişafını yaxından izləməsinə imkan tanıyır.
Bəs valideynlər mütamadi olaraq dərslərdə iştirak etməlidirmi? Bunun hansə müsbət və mənfi tərəfləri var?
Mövzu ilə bağlı AzEdu.az-a Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsində valideynlərin vəzifələri arasında övladlarının təhsil prosesinə nəzarət etmək, onların müvafiq hüquqlarını qorumaq, lakin məktəbin daxili nizamnamələrinə riayət etmələri qeyd olunub:
“Bu o deməkdir ki, valideynlər dərslərə qatıla bilər. Məktəblərdə valideynlərin dərslərə daxil olması üçün məktəb rəhbərliyindən icazə almaq tələb olunmur.
Valideynlərin övladlarının dərslərində iştirak etməsinin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfləri ondan ibarətdir ki, valideyn tədris prosesi ilə tanış olur, övladının öyrəndiyi materialları, müəllimlərin tədris metodlarını və ümumiyyətlə sinifdəki mühiti yaxından izləyə bilir. Bu, onların övladlarının inkişafını daha yaxşı başa düşmələrinə və evdə əlavə dəstək göstərmələrinə kömək edə bilər.
Bu proses həm də valideyn-müəllim əlaqələrinin güclənməsinə səbəb olur. Onlar arasında ünsiyyət və əməkdaşlığa müsbət təsir edir. Müəllimlər valideynlərdən əlavə dəstək ala bilər, valideynlər isə müəllimlərin övladlarına necə yanaşdıqlarını daha dəqiq görər. Valideynlərin dərslərdə iştirak etməsi şagirdin motivasiyasının artmasına da gətirib çıxarır. Bəzi hallarda şagirdlər, valideynlərinin dərsdə iştirak etdiyini biləndə daha diqqətli və məsuliyyətli ola bilər. Bu da onların təhsildə uğurlarını artırmağa kömək edə bilər.
K. Əsədov müsabət tərəflərdən sonra, mənfi cəhətlərdən də söz açıb:
“Valideynlərin sinifdə olması bəzən şagirdlərin diqqətinin yayınmasına və dərs prosesində qarışıqlığa səbəb ola bilər. Xüsusilə şagirdlər özlərini rahat hiss etmədikləri zaman bu, dərs keyfiyyətini aşağı sala bilər. Bəzi uşaqlar valideynlərinin sinifdə olması ilə daha çox stres keçirir və bu da onların tədris prosesinə mənfi təsir göstərir. Uşaqlar müəllim və valideynləri qarşısında ikiqat performans nümayiş etdirməyə çalışaraq həddən artıq gərgin ola bilərlər.
Həmçinin, müəllimlər valideynlərin dərslərdə iştirak etdiyi zaman özlərini rahat hiss etməyə bilər, bu da onların dərsi idarə etmə bacarıqlarına mənfi təsir göstərəcək”
Eskpert dünya təcrübəsinə də nəzər salıb:
“Dünya təcrübəsində valideynlərin sinif otaqlarında iştirak etməsi məsələsinə müxtəlif yanaşmalar mövcuddur. Məsələn, ABŞ-də bəzi məktəblərdə valideynlər övladlarının sinif fəaliyyətlərini müşahidə etmək üçün müəyyən günlərdə məktəbə dəvət olunur. Bu fəaliyyətlər “open house” (açıq qapı) və ya “parent observation” (valideyn müşahidəsi) adlanır və bu günlərdə valideynlər sinifdə oturaraq dərsləri izləyir, amma dərs prosesinə müdaxilə etmirlər.
Finlandiya kimi təhsil sistemində isə valideynlərin dərs prosesinə daxil olması çox nadir hallarda baş verir. Finlandiyada tədris prosesi çox müstəqil olaraq həyata keçirilir və valideynlər əsasən məktəbdən kənarda, ev tapşırıqları vasitəsilə təhsilə dəstək verir.
Valideynlərin məktəbdə övladlarının dərslərində iştirak etməsi hər bir məktəbin və ölkənin təhsil sisteminin qaydalarına bağlıdır. Lakin dərslərdə iştirakın mütəmadi şəkildə baş verməsi həm şagirdlər, həm də müəllimlər üçün stresli və yayındırıcı ola bilər.
Dünya təcrübəsinə və təhsil mütəxəssislərinin tövsiyələrinə əsasən, valideynlərin övladlarının təhsillərinə olan maraqları, evdə dəstəkləyici fəaliyyətlərlə davam etdirilməli və sinifdə fiziki iştirak daha məhdud şəkildə təşkil edilməlidir. Belə yanaşma həm tədrisin keyfiyyətini qorumağa, həm də valideynlərin övladlarının təhsil prosesinə daha aktiv və səmərəli şəkildə dəstək verməsinə imkan yaradır”.