Ötən gün Elm və Təhsil naziri Emin Əmrullayev çıxışı zamanı qeyd edb ki, təhsil müəssisələrində dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir.
Bəs, görəsən, məktəblərdə və universitetlərdə dini təbliğ edilməsi nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, məktəblərdə dini təbliğatın qarşısını almaq üçün nəzarət mexanizmləri olmalıdır:
“Nazirin fikri ilə ötən gün tanış oldum. Əgər söhbət dini təhsildən gedirsə, dini təhsil olan yerdə dini mesaj veriləcək. Yəni söhbət dini tədrisindən gedirsə, orda dindən danışılması, dini məsələlərdən bəhs edilməsi normaldır. Nazirliyin tərkibində elə mexanizmlər olmalıdır ki, bu prosesə nəzarət edə bilsinlər.
Düzdür, çox zaman müəllimlərin sinifdə hansı mövzuda, necə danışdıqlarından xəbərsiz oluruq. Sadəcə burda önəmli olan nəzarət mexanizmlərin qurulması və düzgün müəllimlərin seçilməsidir ki, bu kimi hallar baş verməsin.
Düşünürəm ki, bu gün Azərbaycanda bununla bağlı elə bir ciddi problem yoxdur. Amma ümumilikdə isə hesab edirəm ki, məsələ ilə bağlı ciddi bir nəzarət mexanizmi olmalıdır ki, əgər narahatlıq varsa, bu narahatlıq aradan qaldırılsın.
Dindən qorxmaq lazım deyil. Biz dindən düzgün istifadə etməliyik və dinin mənəvi tərəflərindən gənclərin tərbiyəsindən bəhrələnməliyik”.
Deputat bildirib ki, bəziləri dinə mövhumat gözü ilə baxırlar:
“Din mövhumat və xurafat deyil, o, yüksək mədəniyyət və mənəviyyat deməkdir. Buna görə də biz dini belə yanaşmalıyıq.
Məktəblərdə dini təbliğat qadağandır və bu, yolverilməzdir. Dinimiz də buna icazə vermir, buna görə də bu mövqeyi nəzərə almalıyıq.
Eyni zamanda, ali məktəblərdə universitet müəllimlərinin dini təbliğat aparması da düzgün deyil. Əgər mühazirədə dinlə bağlı məlumatlar tələb olunursa, müəllim yalnız obyektiv məlumat təqdim edə bilər. Dini təbliğat yalnız məscidlərdə aparılmalıdır, müəllimlərin bunu sinifdə etməsi isə yolverilməzdir.”