Son dövrlərdə yalnız qızların deyil, oğlanların da cinsi istismar halları ilə bağlı xəbərlər eşidirik. Pedofiliya daha çox kişilərdə müşahidə olunsa da, nadir hallarda qadınlarda da rast gəlinir.
Pedofilliyə meyilli insanlar hər yaş qrupundan, peşədən və millətdən ola bilər. Hətta bəzən qohumlar arasında belə bu cür insanlar olur.
Bəs, valideynlər uşaqlarını bu şəxslərdən necə qorusunlar?
Mövzu ilə bağlı AzEdu.az-a danışan pedaqoq Aysel Rəsulzadə qeyd edir ki, bu gün dünyada geniş yayılmış pedofiliya artıq ölkəmizə də daxil olub.
“Uşaqların cinsi istismara məruz qalma hallarına tez-tez rast gəlirik. Uşaqları bu cür insanlardan qorumaq üçün təhsil müəssisələrində, evdə, bağçalarda və məktəblərdə nəzarəti maksimum dərəcədə gücləndirmək lazımdır. Valideyn-övlad və müəllim-şagird münasibətlərində möhkəm bağ yaratmaq ən doğru yanaşmalardandır.
Övladlarımızın kimlərlə dostluq etdiyi, məktəbə və bağçaya gedərkən kimlərlə danışdığına dair məlumatlı olmalıyıq. Bunun üçün övladlarımızla ünsiyyəti sıxlaşdırmalıyıq. Onları dinləmək, tanımaq və xasiyyətlərinə bələd olmaqla, pedofiliyaya meyilli insanlardan qorumağa çalışmalıyıq.
Əvvəllər doğmalarımıza övladlarımızı etibar edərkən, bu gün isə pedofiliyaya meyilli insanların olduğunu nəzərə alaraq, övladımızı etibar etdiyimiz insanları tanımalı, onların xasiyyətlərini yaxından öyrənməliyik.
Övladlarımızla onların özünü qoruması və dəyər verməsi ilə bağlı mütəmadi söhbətlər aparmalıyıq. Onlara bədənlərinə və şəxsiyyətlərinə zərər verəcək amilləri izah etməliyik.
Valideynlər, əgər bu mövzuda övladları ilə danışa bilmirlərsə, digər mütəxəssislərə, məsələn, ailə həkimlərinə, pedaqoqlara, psixoloqlara və müəllimlərə müraciət etmələri daha məqsədəuyğun olar.
Eyni zamanda, valideynlər övladlarına izah etməlidirlər ki, onlar olmadığı zamanlarda, uşaqlar müəllimlərdən, həkimlərdən, psixoloqlardan, pedaqoqlardan və polisdən təhlükəsizliklərini qorumaq üçün yardım istəyə bilərlər. Bu yanaşma, uşaqlarda özgüvən aşılayaraq onları təhlükəli vəziyyətlərdən xilas etməyə şərait yaradır”.