lk dəfə Azərbaycanın 2 ali təhsil müəssisəsi dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub. Belə ki, bu cədvələ Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən qlobal reytinqdə təmsil olunur.
Bəs, görəsən, digər ali təhsil müəssisələrin gələcəkdə bu sıralarda yer alması üçün hansı addımlar atmalıdırlar?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Vüsal Kərimli qeyd edib ki, bu reytinqə ümumi olaraq 2857 universitet müraciət edib:
“Onlardan yalnız 2 minə yaxın ali məktəb reytinqlərdə yer tuta biliblər. Bizim 2 universitetimiz bu il dünya reytinqlər cədvəlində yer ala bildi. Digər universitetlərimiz isə sadəcə olaraq məlumatları təqdim edən şəxs, qurum kmi görünürlər. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan Dövlət İqtisad Universiteti də bu sıralara qoşula biləcək. Çünki aparılan elmi araşdırmaların sayının çoxluğu, beynəlxalq əlaqələrin, əməkdaşlıq sayının artması bunu deməyə əsas verir ki, digər bir neçə universitetlərimiz də növbəti illərdə bu sıralara qoşulma şansını qazanacaqlar.
Nəzərə almaq lazımdır ki, burada məqalə sayı deyil, daha çox edilən istinadlar, xarici əməkdaşlıq əsasında yazılan elmi araşdırmalardır ki, bunlar da öz sözünü deyir. Bu istinadların nəticələri illər üzrə toplanılır daha sonra nəticə verilir”.
Həmsöhbətimiz vurğulayıb ki, universitetlərimizin reytinq cədvəlində yer alması inkişaf etdiyimizin sübutudur:
“Burda rəqabət mühiti də həddən artıq çoxdur. Təhsil xadimərinin qeyd etdiyi odur ki, təhsili elmi sənayeyə inteqrasiya etməliyik. Çox təəssüf ki, bunu hələ reallaşdıra bilməmişik. Fikrimcə, belə olarsa, daha yaxşı nəticələr əldə edə bilərik. Amma bir məsələni nəzərə almaq lazımdır ki, dünyada həddən artıq rəqabət çoxdur. Hazırda reytinqlər universitetlərin həyatına daxil olmağa başlayıb. Hədəfləri reallaşdırmaq biraz əziyyətli olsa da, amma biz buna nail ola biləcəyik”.