Oksford Universiteti ənənəvi olaraq hər il, COP (Conference of the Parties - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı) ərəfəsində Climate Change Challenge Teacher Competetion ( İqlim Dəyişikliyi Çağrışı Müəllim Müsabiqəsi) elan edir.
Müsabiqənin təşkilat komitəsi, bu qlobal müsabiqə vasitəsilə, bütün dünya üzrə müəllim və şagirdlərin öz ideyaları ilə bəşəriyyət üçün ən böyük və ən mürəkkəb təhlükəyə – iqlim böhranına həll yolları yaratmaq istiqamətində töhfə verməsi və fəaliyyət göstərməsini istəyir.
AzEdu.az xəbər verir ki, bu il Sumqayıt şəhər İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika və STEAM müəllimi Aliyə Əhmədova adıçəkilən müsabiqənin 5 finalistindən biri seçilib.
O, təhsilin inkişafında göstərdiyi xidmətlərə görə Elm və Təhsil Nazirliyi tərəfindən 2018-ci ildə “Qabaqcıl təhsil işçisi döş nişanı”, 2019-cu ildə Prezident İ. Əliyevin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə, 2024-cü ilin iyul ayında European Schoolnet Academy-nin Scientix şəbəkəsi tərəfindən “Scientix Mükafatı”na layiq görülüb.
Müsabiqə barədə daha ətraflı məlumat almaq üçün AzEdu.az Təhsil Portalı olaraq Aliyə xanımla əlaqə saxladıq.
Müsahibimiz bildirdi ki, o, müsabiqə işi olaraq, su qıtlığı mövzusu istiqamətində suyun təkrar istifadəsi üçün fənlərin inteqrasiyalı tədrisinə imkan verən, tədris proqramına uyğunlaşdırılması mümükün olan, təxminən 2 aylıq, əhatəli və müasir tədris proqramı və dərs nümunələri hazırlayıb.
Qeyd edək ki, müsabiqə beş əsas problemə “havanın çirklənməsi, ekstremal hava, su qıtlığı, ərzaq təhlükəsizliyi, biomüxtəliflik” mövzularına əsaslanır:
“Hazırda müsabiqə prosesinin final mərhələsinin canlı təşkili üçün son işlər yekunlaşır. Ənənəvi olaraq , Oxford Universiteti bu müsabiqənin final mərhələsini COP-un keçirildiyi ölkələrdə təşkil edir. 2023-cü il adıçəkilən müsabiqə, 30 noyabr-13 dekabr tarixlərində COP28-in təşkil edildiyi Birləşmiş Ərəb Əmirlikləri, Dubayşəhərindəki Expo City-də təşkil edilib.
Bu il COP29 kimi mötəbər tədbirə ölkəmiz ev sahibliyi edir. Bu səbəbdən Oksford Universitetinin “Climate Change Challenge Teacher Competetion 2024” final mərhələsi noyabrın 11-dən 22-dək Bakıda, müvafiq zonalarda təşkil ediləcək. Final mərhələsində 5 finalist öz müsabiqə işini geniş auditoriya və beynəlxalq münsiflər heyəti qarşısında ingilis dilində təqdim və müdafiə edəcəklər”.
Qeyd edək ki, Aliyə Əhmədova AzEdu.az Təhsil Portalı tərəfindən 2022-ci ildə "Örnək müəllim"lərdən biri seçilib.