Bu gün həm orta məktəblərlə, həm də universitetlərlə bağlı əsas narahatlıq yaradan amillərdən biri də bufetlərdəki vəziyyətlə bağlıdır. Sosial şəbəkələrdə məlumatlar yayılıb ki, bufetlər də gigiyenik qaydalara əməl olunmur, təklif olunan yeməklər keyfiyyətsiz, qiyməti isə yüksəkdir.
Hətta bufet yeməkləri bəzi tələbələrin zəhərlənməsinə də səbəb olub. Məsələn, dünən saat axşam saatlarında BDU-nun Qazax filialının bufetində 18 nəfər dönər yeyərək zəhərləniblər.
Mövzu ilə bağlı AzEdu.az-a qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, məktəb bufetlərində dönər satılmamalıdır. Universitetlərdə isə dönər verilirsə, gigiyena qaydalarına yüksək səviyyədə riayət edilməlidir:
“Burada dönərin içinə qatılan qidalar çox önəmlidir. Çiy məhsulların necə, hansı şəraitdə gətirilməsi, saxlanılması çox vacibdir. Həmin məhsullar soyuq yerdə saxlanılmalıdır. Yaxşı olar ki, gənclər, insanlar şişdə olan dönərlərdən alsınlar. Amma universitet və məktəb bufetlərində qarnir (mövsimi tərəvəzlər) kartof püresi, qreçka, brokoli, kələm, ev sayağı kartof qızartması və s. kimi qidalar yer ala bilər.
Bəzən universitet mətbəxlərində gigiyena qaydalarına riayət olunmur. Çiy ətlərin kəsildiyi yerlərdə, digər məhsulların qoyulması belə zəhərlənməyə gətirib çıxara bilər. Çünki orada müvafiq qədər bakteriya yayılır. Həmin bakteriyalar kəsmə taxtası, bıçaq və dəzgahlardan da keçə bilir. Bu məsələdə diqqətli olmaq vacibdir. Ümumiyyətlə bufetlərdə dönər satılması düzgün deyil. Yaxşı olar ki, mövsimi yeməklərdən daha çox istifadə olunsun”.