Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qızların hüquqlarını və onların qarşılaşdıqları unikal çətinlikləri tanımaq məqsədilə 2011-ci il dekabrın 19-da bu tarixi Beynəlxalq Qızlar Günü elan edib. Bu gün bütün dünyada qızların hüquqlarının qorunmasına və cəmiyyətin bu məsələlərə diqqətini çəkməyə yönəlmiş təşəbbüsdür.
AzEdu.az xəbər verir ki, Beynəlxalq Qızlar Günü yalnız qızların hüquqlarını müdafiə etmək məqsədini güdmür, eyni zamanda gender bərabərliyinin təmin olunması, ayrıseçkilik və baxımsızlıqdan əziyyət çəkən qızların dəstəklənməsi üçün qlobal platforma kimi çıxış edir.
2011-ci ilin dekabr ayında verilən bu mühüm qərar 2012-ci il oktyabrın 11-dən etibarən hər il qeyd edilir. Bu günün keçirilməsi dünya üzrə müxtəlif mədəniyyətlərdə və cəmiyyətlərdə qadınların yaşadığı çətinliklərin daha geniş miqyasda müzakirəsinə və həll yollarının tapılmasına imkan tanıyır. Xüsusilə, erkən nikah problemi Beynəlxalq Qızlar Gününün mərkəzində dayanır. Orta hesabla, 20-24 yaş arasındakı hər üç qadından biri 18 yaşına çatmadan evləndirilib ki, bu da onların gələcək həyatlarını, təhsil imkanlarını və iqtisadi müstəqilliklərini ciddi şəkildə məhdudlaşdırır.
Beynəlxalq Qızlar Günü dünya miqyasında qızların yaşadığı çətinliklərin azaldılması və onların hüquqlarının qorunması üçün mühüm çağırışdır.
Erkən nikaha yox!
Azərbaycanda 2022-ci illə müqayisədə ötən il 18 yaşınadək anaların doğduğu uşaqların sayı 269 nəfər azalaraq 1 742 nəfər olub. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb. Hesabat dövründə Bakı şəhərinin 12 rayonu üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 15 müraciət daxil olub. Yerli rayon icra hakimiyyətlərindən verilən məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 293 (2022-ci ildə 269) erkən evliliyin qarşısı alınıb.
Hər il uşaqların, xüsusilə, qızların təhsildən uzaqlaşdırılması ilə bağlı yüzlərlə inzibati qərar qəbul və tətbiq edilir. 2014-2015-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Azərbaycanın bir sıra bölgələrindən məcburu erkən nikahlara dair ərizələr daxil olub, komitənin regional mərkəzlərində isə 30-dan çox erkən nikahın qarşısı alınıb.
Unutmayaq ki, uşaq nikahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nikahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edir.