Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
AzEdu.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.
Zərəçəkən Zahid Mövsumov bildirib ki, talassemiya xəstəliyindən əziyyət çəkən övladını həkim müayinəsinə apararkən Aynur Bayramova ilə tanış olub: "Talassemiya xəstəsi övladımı hər ayda iki dəfə müayinə üçün xəstəxanaya aparırdım. Xəstəxanaya Türkiydən Akif adlı həkim gəlmişdi. Onun müayinə növbəsinə yazılmaq üçün Aynur Bayramovaya yaxınlaşmalı idik. Aynur xanım bütün ailə üzvlərinin donor tapılması üçün qan verməli olduğunu dedi və bunun üçün də məndən 300 dollar istədi. Pulu ona dollarla deyil, manatla ödədim. Lakin mənə çek verilmədi. Orada bizdən nümunələr götürüldü. Bir neçə gündən sonra Aynur Bayramova ailə üzvlərindən heç kimin övladıma donor ola bilmədiyini, amma donor axtarıldığını dedi. Bir neçə müddətdən sonra dedi ki, donor tapılıb”.
Şahid bildirib ki, Aynur Bayramova ona donor və əməliyyat üçün 83 min dollar lazım olduğunu bildirib: “Mən sığortaya zəng etdim. Onlar bunu qarşılamadıqlarını bildirdilər. Bunu Aynur Bayramovaya bildirim. Mənə dedi ki, bir şirkət var, pulu qarşılayır. Amma 20 min dollar pul verməlisən. Mən 10 min dollar tapa bildim. Onlar mənə “sən hərbçisən, veteransan qəbul edirik” dedilər. Mən “Amar Plaza”nın 211-ci otağına getdim. Pulu Aynur Bayramovaya verdim. Əvəzində aydın görsənməyən çek və müqavilə verdilər”.
Şahid ifadəsində bildirib ki, Aynur Bayramovadan 83 min dollarlıq əməliyyat üçün niyə 10 min dollar qəbul etdiklərini soruşanda o, rəhbərlərinin xeyirxah biri olduğunu söyləyib: "Onlar mənə kömək edəcəklərini bildirdilər. Daha sonra ofislərini “Çinar Plaza”ya keçirdilər. Ora da görüşə getdim. Orada mənə gözaydınlığı verdilər ki, övladınla müalicəyə gedirsən. Üç ay qalmaq üçün bizə hotel tapdılar. Amma sonradan öyrəndim ki, öz verdiyim 10 min dollardan 5 minini hotelə veriblər. Hoteldə qalmaq adı ilə pulumu sildilər. Üç ay ərzində hər dəfə deyirdilər narahat olma, əməliyyat olunacaq. Aldadıldığımı anladım, pulumu istədim. Onlar pulun qaytarılacağını bildirsələr də, qaytarılmayıb”.
Zərərçəkən qeyd edib ki, ona ümumilikdə 21 min manat ziyan dəyib və həmin puldan ona cəmi 4 min manat qaytarılıb.
Digər zərərçəkən Laura Həsənova ifadəsində qeyd edib ki, onun 30 min dollarını mənimsəyiblər: "Mən Gürcüstan vətəndaşıyam. Onlara ödədiyim pulu hökümətdən almışam. İndi onlar hesabat tələb edirlər. Mən başıma gələnləri onlara danışdım. Dedilər ki, pulun qaytarılması üçün Avropa Məhkəməsinə müraciət et. Mən isə bunu istəmirəm. Çünki Vətənimin adının belə halda çəkilməsi xoşuma gəlməz".
Hakim Azad Məcidov isə ona "Avropa Məhkəməsi bu işi bizdən daha yaxşı araşdıracaq", deyə reaksiya verib.
Laura Həsənova ifadəsinə davam edərək qeyd edib ki, 12 yaşlı qızı talassemiya xəstəliyindən əziyyət çəkir. Aynur Bayramova bildirib ki, uşağının müalicəsi üçün lazım olan vəsaitin miqdarı 83-100 min dollar arası dəyişir:
"Dedilər ki, sənin əlində nə var ver, qalanını özümüz düzəldəcəyik, sponsorlarımız var. Mən də 30 min dollar tapdım. Sonra pulu verməyə gedəndə Aynur Bayramova yerində olmadığı üçün pulu Nuridə Seyidovaya verdim. Orada məni uşağımın sağalacığına o qədər inandırdılar ki, digər məqamları sorğulamadım”.
Zərərçəkən bildirib ki, onun tələbi verdiyi pulun tez bir zamanda geri qaytarılmasıdır: “Mən pulumu geri almaq üçün Nərimanovda "UniMed" şirkətinə getmişdim. Məndən 51 min dollar ödənişimin çekini aldılar. Amma ödəniş olunmadı. İndi isə analiz üçün verdiyim 300 dolları da istəmirəm, sadəcə, pulumu qaytarsınlar, Gürcüstana qayıdıb övladımı müalicə etdirim".
İfadə verən digər şahid Tural Məsmiyev isə bildirib ki, Tallesimiya Mərkəzinin rəhbəri kimi Aynur Bayramova ilə əlaqə saxlayıb. O da digərləri kimi qan analizi üçün 300 dollar ödəniş edib: "Mənim iki övladım talassemiya xəstəliyindən əziyyət çəkir. Övladlarımın müalicəsi üçün ümumilikdə 59 min 500 manat ödəniş etdim. Məni müalicə adı altında Türkiyəyə göndərdilər, amma orada heç bir köməklik olmadı”.
Zərərçəkmiş qeyd edib ki, onun ziyanı tam ödənilməsə də, ödəniş olunub: “Həmin məbləğin 6700 manatı Nuridə Seyidova, 10 min manatı isə Aysel Məmmədova qaytarıb. Qalan pulu onların hər üçündən tələb edirəm. 42 min manat əsas puldan qalıb. Sonrada əlavə 8 min manat xərc çəkmişəm. Pulumun geri qaytarılmasını istəyirəm".
Zərərçəkmiş Aysel Abdullayeva da məhkəmədə ifadə verib. O bildirib ki, Rusiyada həyat yoldaşı ilə birgə yaşayır və onun iki qız övladı var. Övladının biri daşıyıcı, digəri isə xəstədir: “Mən təqsirləndirilənlərdən Nuridə və Aynuru tanıyıram. Övladım müalicə üçün Azərbaycana göndərilib. Övladım anamla qalırdı və uşağı xəstəxanaya anam aparırdı. Anam xəstəxanada Aynurla rastalaşıb. Uşaqdan qan nümunəsi götürüblər və Türkiyəyə göndəriblər. Buna görə də 510 manat alıblar".
Zərərçəkmiş qeyd edib ki, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin aparıcı olduğu verilişlərə müraciət ediblər: "Həmin vaxt Xoşqədəm xanım dedi ki, verilişdə Amin adlı xəstəyə pul yığırlar, ona 2 milyon manat lazımdır. Onun pulunu yığılandan sonra bizi efirə çıxaracaqdılar. Daha sonra Aynur bizə zəng edərək 15 min dollar gətirməyimizi və qalan pulu sponsorun ödəyəcəyini bildirdi. Mən 12 min dollar taparaq onlara verdim. Bununla yanaşı, 3 min dollar da anam Aynura verib. Amma sonradan aldadıldığımı anladım. Pulumu tələb edirəm".
Məhkəmə iclası oktyabrın 30-da davam etdiriləcək.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.