AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
10 oktyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
10 oktyabr yanğınsöndürənlərin peşə bayramıdır:
Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə imzaladığı Sərəncamla hər il оktyabr ayının 10-u Azərbaycan yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd olunur.
10 oktyabr Ümumdünya Psixi Sağlamlıq Günüdür:
1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Həmin gün Ümumdünya Psixi Sağlamlıq federasiyasının təşəbbüsü və Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib.
Həmin gün beynəlxalq psixiatrik təşkilatlarının tematik jurnalları buraxılır, hökumət strukturları və səhiyyə təşkilatlarına beynəlxalq hərəkatda iştirak etməyə çağıran müraciətlər göndərilir.
Ümumdünya Psixi Sağlamlıq Günü BMT-də qeyd olunan ümumdünya və beynəlxalq günlərin siyahısına daxil edilib.
10 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib:
Qubadlıda düşmənin “S-300” idarəetmə sistemi, Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfi Azərbaycan Hava Hücumundan müdafiə sistemləri və Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası (RLS) məhv edilib.
1933-cü ilin bu günündə dünyada ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarında yuyucu toz satışa çıxarılıb.