“Əgər aparılan elmi tədqiqatlar biznesdə istifadə edilmirsə, nə elmi tədqiqat, nə də ki, biznes inkişaf edə bilər”.
Bu fikri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.
Professor bildirib ki, məqalələr aparılan elmi tədqiqat nəticəsinin yekunudur:
“Burda əsas məqsəd alimlərin dünyaya inteqrasiya etməsidir. Alimlər apardığı tədqiqat işləri ilə bağlı artıq xarici ölkələrin konfranslarında çıxış etməyə başlayırlar.
Ciddi şəkildə aparılan elmi tədqiqatlar patentləşir. Biz bundan sonra nə arzulayırıq? Biz istəyirik ki, tədqiqat işlərinin keyfiyyəti artsın. Yaxşı olardı ki, alimlərə xarici ölkədən dəvət gəlsin. Onlar artıq tribunalardan, kürsülərdən çıxış edib, tədqiqatlarını tanıda bilsinlər”.
Z.Məmmədovun sözlərinə görə, aparılan tədqiqatlar Azərbaycan cəmiyyətinin inkişafı naminə xidmət etməlidir:
“Düşünürəm ki, alimlərin apardığı bütün tədqiqatlar ölkəmizə xidmət etməli, elmin inkişafı üçün yararlı olmalıdır. Ən böyük qatqı, dəyər Azərbaycan iqtisadiyyatına, cəmiyyətin inkişafı naminə olmalıdır. Ona görə də şirkət və dövlət qurumları ilə arasında körpünü aradan qaldırmaq lazımdır.
Aparılan tədqiqat işləri biznesdə istifadə edilməlidir. Əgər istifadə edilmirsə, nə elmi tədqiqat, nə də ki, biznes inkişaf edə bilər.
Hesab edirəm ki, alimlərin tədqiqatlarının nəticəsini şirkətlər qarşılamalıdır. Bütün fəaliyyət Azərbaycanın iqtisadiyyatının, cəmiyyətinin inkişafına xidmət etməlidir. Eyni zamanda insanların rifahı naminə də fəaliyyət göstərməlidirlər”.