Azedu.az

Ucqar kənddə dərs deyən “Fədakar müəllim”: Heç vaxt peşman olmamışam

Rubrika

9 Oktyabr 2024, 15:32
Ucqar kənddə dərs deyən “Fədakar müəllim”: Heç vaxt peşman olmamışam

Müəllimlik elə bir peşədir ki, insana özündən əvvəl şagirdlərinin rifahını düşünündürür, onların yaxşı təhsil almaları üçün əlindən gələni etməyi aşılayır. Müəllimlər var ki, evindən, ailəsindən uzağa, ucqar kəndlərə gedib dərs keçirlər.

 

AzEdu.az-ın “Fədakar müəllim” rubrikasının qonaqlarından olan Sevinc Əzimova da Sumqayıtdan Lerikin ən ucqar kəndlərindən birinə öz peşəsini davam etdirmək üçün üz tutub.

 

Sevinc müəllimi daha yaxından tanımaq üçün onunla olan müsahibəmizi təqdim edirik.

 

-Sevinc xanım, xoş gördük. Ucqar kənddə işləyən müəllim kimi sizi daha yaxından tanımaq istəyərik.

 

-Mən, Əzimova Sevinc Arif qızı. Sumqayıt şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam. Müəllimlərin işə qəbulu imtahanında müvəffəqiyyət göstərərək, Lerik rayonu Əhəd Rzayev adına Orand kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi təyin olundum.

 

-Sevinc xanım, sizi tanıdığımıza şad olduq. Sumqayıtdan Lerikin ucqar kəndinə işləmək üçün gəlmisiniz. Köçərkən ərazi, eləcə də iqlim baxımdan hansısa çətinliklərlə üzləşdiniz?

 

- Sözün düzü, seçimlərə bu kəndi yazanda məni tanıyan hər kəs, ailəm, eləcə də yaxın qohumlarım çox təəccübləndilər. Adətən ucqar kəndlərdəki vakant yerləri seçməyə bir çoxları tərəddüd edirlər. Düşünürlər ki, görəsən, orada yaşaya biləcəklərmi?

 

Düzdür, Sumqayıtla Lerikin arasında fərqlər çoxdur. Lerikin relyefi, təbiəti, eləcə də havası tamamilə başqadır. Amma bu çətinliklərin heç biri məni qorxutmadı. Kənd yolu təmirli olduğu üçün məktəbə gedib gəlməkdə çox da çətinlik çəkmirəm. Kənd camaatı, məktəb rəhbərliyi, həmçinin şagirdlərin hər biri mənə diqqət və qayğı göstərirlər. Lerikdə çalışdığım üçün peşman deyiləm. İşimi və şagirdlərimi çox sevirəm. Zənnimcə, hansı çətinliklə  qarşılaşmağımızdan asılı olmayaraq müəllimin öncəliyi şagirdləri olmalıdır. İstəsəydim seçimlər zamanı ucqar olmayan əraziləri də yazardım, amma məhz bu düşüncəyə görə o yerləri yox, Lerikin ucqar kəndini seçdim.

 

Xatırlayıram... Lerik nəoyabrda ilk dəfə qar yağmışdı, hava çox soyuq idi... O qədər çox qar var idi ki, dizimizə qədər çıxırdı. Amma biz bu anı şagirdlərlə fərqli formada dəyərləndirdik. Həmin günü yaddaqalan etmək üçün əynimizi qalın geyinib, qartopu oynadıq. Bu qış mənim üçün çox maraqlı və xoş oldu. Yaxşı ki, bu kəndə gəlib, ağıllı və gözəl şagirdləri tanımışam.

 

-Xatirələriniz çox gözəldir. Biz azərbaycanlılar adətən qonaqpərvərliyimiz ilə seçilirik. Kəndə, ya da evimizə uzaq yerdən adam gələndə, canla-başla onu qarşılayırıq, lazım olsa, köməklik də edirik. Bəs, siz Sumqayıtdan Lerikə gələndə qonşuların, kənd camaatının sizə münasibəti necə oldu?

146691

-Lerikdə işləməmişdən qabaq Masallı rayonu Cavanşir Qasımov adına Bambaşı kənd tam orta məktəbində çalışırdım. O vaxtlar karantin dövrü olduğundan demək olar ki, heç kim bir-birinin evinə gedib gəlmirdi.

Lerikdə səmimi qarşılanacağımı təxmin edirdim, çünki şəhərdən gələnlər kənd sakinləri  üçün çox maraqlı olurlar. Şəhəri qoyub, ucqar kəndə gəlməyim maraqla qarşılanırdı. Hətta, bəyəndiyim şeylər, saçım, geyimim, şəxsi həyatım barədə də suallar verirdilər.

 

Onlar da qonaq gəlirlər, məni qonaq da çağırırlar. İstər şagirdlərim, istər iş yoldaşlarım, istərsə də qonşularla münasibətlərimiz qaydasındadır. Mənə həmişə hörmət və qayğı ilə yanaşırlar. Hansısa çətinliyim olanda arxayınam ki, onlar hər zaman mənə köməklik edəcəklər.

 

-Əvvəllər Masallıda, indi isə Lerikdə işləyirsiniz. Evinizdən uzağa getməyinizə  ailənizin münasibəti necə oldu?

-Bütün valideynlər kimi, mənim valideynlərim də evə yaxın yerdə işləməyimi istəyirlər.  Ailəm hələ aşağı siniflərdə oxuyandan bəri hər qərarımda mənim yanımda olublar. Uşaqlıqdan istəyirdim ki, müəllim olum. Buna görə də istəyimin arxasınca getdim.

 

Masallıda da, Lerikdə də işləyəndə ailəm məndən dəstəyini əsirgəmədi. Onların bir sözü var, “sən qərar verirsənsə, biz yanındayıq”. Bu söz istəklərimi reallaşdırmaq üçün daha da cəsarətləndirir.

 

Gənclərə həmişə tövsiyə edirəm ki, istədikləri işdən bərk-bərk yapışsınlar. İnsan istədiyini əldə etmək üçün cəhd edirsə, inanırsa, sonunda mütləq ona nail olur.

 

Mən də bu prinsip üzrə getdim. Bir söz var, deyirlər ki, “Yenidən dünyaya gəlsən, eyni peşəni seçərdinmi?” Bəli, yenidən dünyaya gəlsəm, yenə də müəllimliyi seçərdim.

 

-Ailənizin dəstəyi çox təqdirəlayiqdir. Bəs, işlədiyiniz müddətdə hər hansısa ekstremal vəziyyətlə üzləşmisiniz?

 

-Qışda Lerikə qar dizə qədər yağır. Hətta adi yağış yağanda belə, yer çox sürüşkən olur. Amma şükür ki, hələ ekstremal halla rastlaşmamışam. Şagirdlərimlə qonşuluqda yaşadığımıza görə məktəbə bir yerdə gedib-gəlirik. Sağ olsunlar, onlar mənə köməklik edirlər, tək qoymurlar.

 

Amma bir dəfə tələsirdim deyə, evdən tək çıxdım. Yolda itlə qarşılaşdım. O an fikirləşdim ki, it mənə cuma bilər. Düzdür, itləri çox sevirəm. Özümün də əvvəllər itim olub. Amma istər- istəməz bu itdən ehtiyat etdim.

 

Sonra gördüm ki, o, zərər yetirmir, əksinə mənə yol göstərirdi.

 

-Yaşadığınız kənddə şərait necədir? Qışda qaz, su, işıq təminatı normal olurmu?

146693

-Rayondan kəndə gələn yol asfalt olduğu üçün yol cəhətdən problemimiz yoxdur. Kənddə qaz olmadığına görə istilik enerjisindən və ya odundan istifadə edirik. Qışda güclü külək, qar yağanda işıqlar sönür, amma qısa müddət ərzində problemi aradan qaldırırdılar. Buna görə də çox da çətinlik çəkmirik.

 

-Ucqar kənd, soyuq, boranlı-çovğunlu qış... Şagirdlərin dərsə davamiyyəti, təhsilə maraqları necədir?

 

-Lerikdə noyabrdan havalar soyuyub, qar yağdığı üçün ilk dəfə gedəndə fikirləşirdim ki, yəqin şagirdlər daha dərsə gəlməzlər. Amma gördüm ki, əksinə qar yağsa da, şaxtadan yollar buz tutsa da, onlar dərsdən qalmırlar.

 

Bizim məktəb yeni tikili olduğundan şəraiti, eləcə də istilik sistemi yaxşıdır. Buna görə dövlətimizə xüsusi olaraq təşəkkür edirəm. Şagirdlərimiz, hətta soyuq qışda belə isti otaqlarda rahat dərslərini oxuyurlar.

 

Mən şagirdləri bir-birindən ayırmadan sevirəm. Onlara dərs keçməmişdən qabaq özümü, fənnimi, dərsimi sevdirməyə çalışıram. İndiyə qədər dərs keçdiyim uşaqlarda fənnimə qarşı etinasızlıq hiss etməmişəm. Hətta 45 dəqiqənin sonunda zəng vurulanda belə, onlar sinifdən çıxmırlar. Deyirlər ki, “müəllim, istəmirik dərs bitsin”.

 

Dərsimin olmadığı günlər, eləcə də həftə sonları  belə onlar mənimlə saxlayır, məni görməyə gəlirlər.

 

Soruşanda deyirlər ki, ya müəllimliyi seçəcəyik ya da Azərbaycan dili və ədəbiyyat müəllimi olacağıq.

 

-Dediklərinizdən aydın olur ki, şagirdləriniz sizi və sizin keçdiyiniz dərsi çox sevirlər. Maraqlıdır, onlarda bu sevgini necə yaratmısınız?

146692

- İlk dərs günümdə şagirdlər məndən soruşdular ki, “ixtisasınız nədir?” dedim ki, “Azərbaycan dili və ədəbiyyat”. Dedilər ki, “müəllim, Azərbaycan dili və ədəbiyyatdır da, çətin deyil ki, niyə başqa ixtisası oxumamısınız?”.

 

Həmin gün onlarla tanışdıq, ixtisasımla bağlı suallarına cavab verdim. Maraqlarını da məhz o gündən qazandım.

 

Sonradan gördülər ki, bu fənn də çətin imiş. Amma buna baxmayaraq maraqla oxumağa davam etdilər.

 

Mən dərs keçdiyim sinifdə şagirdlərin sakit, səssiz oturmalarının tərəfdarı deyiləm. Buna görə də hər zaman işgüzar səs-küylü mühit yaradıram. Səs-küy məhz dərsdəki aktivlikdən yarandıqda şagirdlərin də marağı artır.

 

Lerikə yeni gələndə havalar çox yaxşı idi. Şagirdlərlə birlikdə dağda piknik etdik. Daha sonra Yeni ili, Novruz bayramını, doğum günü tədbirlərini bir yerdə qeyd etdik. Birlikdə həm əyləndik, həm öyrəndik. Düşünürəm ki, şagirdlər əylənərək öyrənəndə daha yüksək nəticə əldə edirlər.

 

Avtoritar müəllim deyiləm, olmağa da çalışmıram. Dərsdə mövzuya giriş etmədən qabaq, onu həyatla əlaqələndirirəm. Onlara həyati nümunə verdikdən sonra dərsi izah edirəm. Belə olduqda şagirdlərin marağını cəlb etmək heç də çətin olmur.

 

Həmişə deyirəm ki, harada yaşamağınızdan, hansı peşədə çalışmağınızdan asılı olmayaraq, Azərbaycan dilini mükəmməl səviyyədə bilməlisiniz. Uşaq dil açanda ana dilində danışmağa başlayırsa, dilin önəmini özünüz təxmin edin.  Elə o vaxtdan da, onlar maraqla fənnimi oxuyurlar.

 

-Şagirdlərinizin sevgisini qazanmağınız çox gözəldir. Bəs, nə vaxta qədər Lerikdə işləməyi düşünürsünüz?

 

-Hələ ki, Lerikdə işləyəcəyəm. Gələcəkdə direktor olmağı istəyirəm. Amma müəllim yaxud direktor olsam da, həmişə öncəliyim şagirdlər olacaq. Mən müəllim oldum ki, şagirdlərin sevgisini qazanıb, onların həyatda yer tutmaları üçün çalışım.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox