AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
9 oktyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
9 oktyabr Hadrutun işğaldan azad olunduğu gündür:
2 noyabr 1992-ci ildə Ermənistan qoşunları tərəfindən işğal edilmiş Azərbaycanın Xocavənd rayonunda yerləşən Hadrut və ona bitişik kənd və yüksəkliklər 28 il sonra 9 oktyabr 2020-ci il tarixində II Qarabağ müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu tərəfindən geri qaytarıldı. Həmin tarixdə Hadrut ilə bərabər Xocavənd rayonunun Sur kəndi, Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri, Tərtər rayonunun Çaylı kəndi də erməni işğalından azad edildi.
9 oktyabr Ümumdünya Poçt Günüdür:
9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir. Bu il Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 150 illiyi tamam olur. İttifaq 1874-cü ilin 9 oktyabr tarixində İsveçrənin Bern şəhərində yaradılıb.
Ölkəmiz 1993-cü ildə ÜPİ-yə üzvlüyə qəbul edilib. Və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd edilir.
9 oktyabr 1980-ci ildə ilk azərbaycanlı qadın fəlsəfə elmləri doktoru, professor Şükufə Mirzəyeva vəfat edib:
O, estetika tarixi və nəzəriyyəsinə dair tədqiqatların müəllifidir.
9 oktyabr 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirilib:
İlham Əliyev seçicilərin 84,54 faiz səsini qazanaraq növbəti müddətə dövlət başçısı seçilib.
9 oktyabr 2008-ci ildə Bakı metrosunun yeni tikilmiş “Nəsimi” stansiyası açılıb.