Azedu.az

Şagirdlərin törətdiyi hadisələri müəllimin və təhsilin üstünə atmamalıyıq

Məktəblər

7 Oktyabr 2024, 17:10
Şagirdlərin törətdiyi hadisələri müəllimin və təhsilin üstünə atmamalıyıq

Son günlər məktəblilər mənfi hallarla gündəmə gəlirlər. Ya dava-dalaş, ya da aqressiya, bıçaqlanma xəbərləri manşetləri doldurur.

 

Bəs, görəsən, bunların səbəbləri nələrdir? Uşaqları necə qorumalıyıq?

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc AzEdu.az-a açıqlama verib.

 

Deputat bildirib ki, Sosial Tədqiqatlar Mərkəzi uşaqlarla bağlı maraqlı bir araşdırma aparıb:

 

“Apardığımız araşdırmada, uşaqların ailədə, bağçada, məktəbdə, eləcə də cəmiyyətdə formalaşmaları, maraq dairələrinin şəkillənməyi, eləcə də onlar üzərində kimin daha çox təsir qüvvəsinə malik olmasından bəhs olunur. Ümumiyyətlə bu məsələlər üzərində dünyanın aparıcı ölkələri də baş sındırır, yeni metodlardan istifadə edirlər.

 

Amma bütün hallarda tərbiyənin əsası ailədə qoyulur. Qlobal sistem isə milli ailə modellərini dağıdır. Sanki bütün dünya özü bir ailəyə çevrilir. Amma bu xoş məram, uşaqları qorumaq, hifz etmək, onların dəyərlərinə, mədəniyyətinə hörmət, gələcək ideallarını seçməsində azadlıq vermək və s. səviyyəsində deyil. Əksinə zaman keçdikcə dünyada ailəsizlik təbliğ edilir.

 

Aqressiya bu gün dövlətlər arasındakı beynəlxalq təhlükəsizlik sistemində də özünün maksimum nöqtəsinə çatıb. Bizim yerləşdiyimiz region dövlətləri qlobal müharibənin bir parçasıdırlar. Biz oraya yalnız informasiya sitemləri ilə baxmırıq. Bütün baxışlar, münasibətlər, yanaşmalar, ticari əlaqələr, hamısı özü ilə birgə mənfi yükü gətirir.

 

Bizim uşaqlarımızın qəhrəmanları kimdir? Cizgi filmlərdən sonrakı dövrdə  uşaqların maraq dairələrini necə formalaşdırırq? Vətən müharibəsinin igidlərini  ilk yaşlarından etibarən onlara nə dərəcədə öyrədə bilirik? İlk dəyərlərimizin əsasını necə qoyuruq? Uşaqlar bunu qavraya bilirlərmi?

 

Bəzən təhsil sistemində müəyyən baxış fərqlərinə hörmətlə yanaşmaq şərti ilə problemlər analiz olunmalıdır. Amma məsələnin hədəfini müəllimə, onun şəxsiyyətinə, imicinə, cəmiyyətdəki mövqeyinə qarşı yönəltmək, müəllim kultunu dağıtmaqla, o cümlədən müəllimlər arasında problemləri qabartmaqla, onların ucalığına xələl gətirməklə, uşaqların təhsil imkanları aşağılanır. Xüsusilə də rus dilli yutub kanallarında müəllimləri döyən şagird səhnələri pandemiya kimi yayılır.

 

Biz 3-5 faktı ümumiləşdirib bütöv təhsil məkanının problemi kimi qabartmalı deyilik. Həqiqətən ortaya belə bir  hökm çıxırmı ki, yeniyetmələr arasında aqressiyya, bullinq, yaxud da başqa xarakterli cinayətlərə meyil tendensiyaları artıb?  Real mötəbər datalar olmadan belə məlumatların verilməsi yanlış və təhlükəlidir.

 

Bizim üçün təhsil məkanında ixtisaslaşan ekspertlərin, müvafiq valideyn cəmiyyətlərinin, məktəblinin dostunun, Parlamentin müvafiq komitəsinin, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə birlikdə bu məsələləri təhlil etməliyik.

 

Yeri gəlmişkən, müvafiq donor qurumlarımız - Medianın İnkişafı Agentliyi və təhsil sferasındakı qurumlar layihələr əsasında dəqiq araşdırmalar apara bilərlər. Tədqiqatdan kənarda hökm çıxarmaq doğru deyil.

 

Mənfi halların tez-tez işıqlandırılması əlbəttə ki, bizi narahat etməlidir, amma böyüklər arasındakı aqressiya, kriminal statistikanın təhlili, arqumentləri və yekun nəticələri var, amma bu hallar aşağı yaşlarda, xüsusən də məktəblilər arasında baş verərsə, biz bu məsələnin üzərinə getməliyik. Səbəblər təhlil olunmalıdır.

 

Bütün əksər ölkələrdə bəlli yaşa qədər televiziya proqramlarına baxışlarda xüsusi məhdudiyyətlər, kompüter istifadəçilərində süzgəclərdən istifadə olunur. Onlar bəlli bir sahəyə baxa bilirlər. Eyni zamanda telefonlardan istifadə zamanı da bu məhdudiyyətlər tətbiq olunur”.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox