Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə artırılır.
AzEdu.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır.
Qüvvədə olan qanuna əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə otuz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə beş yüz manat məbləğində cərimə ediləcək.
Hazırda stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə on beş manat məbləğində cərimə edilir. Bu cərimənin məbləği 200 manata qaldırılır.
Dəmir yoluna hər hansı əşya atmağa görə tətbiq olunan 30 manat məbləğində cərimə də 200 manata qaldırılır.
Gəmilərdən zibil və başqa predmetlər atmağa görə cərimə artırılır.
Qüvvədə olan qanuna əsasən, gəmilərdən zibil və başqa predmetlər atmağa görə otuz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, gəmilərdən tullantı və başqa predmetlər atmağa görə üç yüz manat məbləğində cərimə ediləcək.