Bəzən oğlanların qız, qızların isə oğlan kimi davrandıqlarını görürük. Əsasən oğlan uşaqları daha narin və həssas böyüdülürlər. Bu zaman isə onlar məktəbdə, ictimai yerlərdə tez-tez “sən qızsan, oğlan ol” və s. kimi sözlərlə bullinqə məruz qalırlar.
Bu uşaqlar üçün gələcəkdə hansı psixoloji problemlər yarada bilər?
Mövzu ilə bağlı Psixiatr Uzman Doktor Azər Bağırov AzEdu.az-a açıqlama verib.
“Bəzi hallarda oğlan uşaqları qız kimi incə, qız uşaqları isə özlərini oğlan kimi aparırlar. Uşaqlar bu hərəkətlərinə görə məktəbdə, eləcə də, cəmiyyətdə bullinqə məruz qalırlar. Bullinqin sonu isə onlarda travmalara səbəb olur. Burada ən qəddar davranan isə əsasən azyaşlı uşaqlardır. Onların öz aralarında yoldaşlarına lağ edərək, onu məsxərə qoymaları özünəqapanmaya və sosial olaraq çəkingənliyə səbəb olur”.
Psixiatr qeyd edib ki, bullinqə məruz qalan uşaq gələcəkdə qarşı cinslə ünsiyyətdə olarkən bəyənilməyəcəyini düşünür:
“Oğlan uşaqları özünü qız kimi apardığı üçün məsxərəyə qoyulubsa, o gələcək illərdə qızlarla ünsiyyət qurarkən içində narahatlıq, təşviş, qorxu yaranır. Bu səbəbdən də onlar qızlara yaxınlaşmaqda çətinlik çəkir, bəzən isə ünsiyyətdən tamamilə imtina edirlər. Eyni vəziyyət qızlar üçün də keçərlidir. Qızlar bu cür böyüdüldükdə, gələcəkdə bədən quruluşları dəyişsə, öz cinsinə uyğun rolları formalaşsa belə, içində yerləşən “bəyənilməmə düşüncəsi” sevilmədiklərini, sevilmək üçün nələrisə verməli olduqları düşüncəsinə qapılmalarına gətirib çıxarır. Bu zaman isə qız uşaqları qarşı cinsin sevgisini almaq üçün özü istəmədiyi halda, onu itirməmək üçün cinsi münasibətlərə daxil olur. Bunun da sonu manipuliyasiyalarla bitir. Qarşı cins qızların özgüvənsizlikdən bu addımı atdığını görüb, ondan davamlı sui-istifadə edir.
Davranış və görünüşlə bağlı bullinqin sonunda bədənlə əlaqəli özgüvənsizlik, öz bədənini bəyənməmə, fiziki görünüşü ilə, duruşu, oturuşu, qıraqdan görünüşü ilə bağlı əmin olmama, insanlar içində özünü güvənli hissetməmə, lağa məruz qalacağından qorxub, sosial mühitdən qaçmaq, öz potensialını tam ortaya qoya bilməmək, bəzən depressiv özünə qapanma, bəzən isə sosial mühitdə çox həyəcan keçirmə, az dostunun olması və s. vəziyyətlər yaranır.
Əlbəttə bunların müalicəsi var. Həm terapiya, həm dərman müalicəsi ilə sosial fobiadan, sosial çəkingənlikdən qurtulmaq mümkündür”- deyə həkim cümləsini yekunlaşdırıb.