Sabah Müəllimlər Günüdür. Hamı müəllimlər barədə xoş sözlər deyir, onları alqışlayır, peşələrinin nüfuzunu tərif edir. Ancaq bəzən də onlara qarşı yersiz təzyiqlər edilir. Əsasən də sosial şəbəkələrdə... Necə deyərlər, "Hər yerindən duran, müəllim barədə status yazır".
Müəllim kimi şərəfli peşə sahiblərinin nüfuzunu daha da artırmaq üçün nələr edilməlidir?
Mövzu ilə bağlı Emin Əliyev adına 234 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi - Əməkdar müəllim, "Örnək müəllim" Kəmalə Əliyeva AzEdu.az-a danışıb.
“Müəllim kimdir? Bu suala böyük maarifçi-yazıçı Sultan Məcid Qənizadə bədii şəkildə çox gözəl cavab vermişdir: “Müəllimin evi kitabxana, dövləti kiçik şagirdlər, sazı, nəğməsi onların sədası, qazancı isə millətin məhəbbət və etibarıdır". Məncə, bu tərif, bu sözlər bütün dövrlər və bütün məkanlarda yaşayan əsl müəllimlər üçün keçərlidir.
Müəllim öyrədəndir, lakin sadəcə öyrədən yox, şagirdlərini sevə-sevə, fənnini sevdirə-sevdirə öyrədəndir. Gözünün nurunu, beyninin ziyasını, ürəyinin odunu əsirgəmədən öyrədəndir. Heç bir çətinliyə ( işin çoxluğu, maaşın azlığı, şagird və ya valideyn məsuliyyətsizliyi ) baxmadan öyrədəndir. Məncə, belə müəllimlər cəmiyyətdə həmişə böyük nüfuz sahibi olurlar və bu nüfuzu heç nə sarsıda bilməz. Əlbəttə, iş olan yerdə nöqsanlar, problemlər qaçılmazdır.
Açıq etiraf etməliyik ki, bu gün məktəbə təlim-tərbiyə ocağı, elm məbədi kimi yox, əyləncə mərkəzi, gün keçirib sonda attestat almaq üçün vasitə kimi baxan bəzi şagirdlər, nə olursa-olsun, öz uşağını haqlı çıxarmağa çalışan, şəxsi mənafeyini ümumi mənafedən üstün tutan bəzi valideynlər və nəhayət, təəssüflə də olsa, qeyd etməliyəm ki, bəzi səbatsız "müəllimlər" müəllim nüfuzuna xələl gətirirlər. Hətta böyük pedaqoji təcrübəyə malik, savadlı, nüfuzlu müəllimlər belə ətrafda qarayaxmaya hazır olan beĺə ünsürlərdən, onların hərəkətlərindən sığortalanmayıblar.
Belələrinə qarşı, əlbəttə, cəmiyyətin bütün təbəqələri mübarizə aparmalıdırlar, amma ilk növbədə əlimizdə bir hüquqi əsas olmalıdır. Məsələn, məktəblərdə yeni "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqi, düşünürəm ki, öz yaxşı nəticəsini göstərəcək. Bundan əlavə, üzrsüz dərs buraxmalarla bağlı limit müəyyənləşməli, limiti keçənlərin qiymətləndirilməsi ilə bağlı mexanizm hazırlanmalı, valideyn məsuliyyəti haqqında hüquqi sənəd olmalıdır.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram". Bu yüksək adı, ali məqamı qorumaq hamımızın insanlıq və vətəndaşlıq borcudur, çünki müəllimin alçaldılması təhsil və tərbiyənin çökməsi, təhsil və tərbiyənin çökməsi millətin, dövlətin gələcəyinin məhvidir”.