Evliliklərin sayı artıqca, paralel olaraq boşanmaların sayı da artır. Psixoloqların fikrincə ana, atanın ayrılması ən çox azyaşlı uşaqlara təsir edir. Qanunla övlad hansı valideynlə qalırsa, digər valideyn 18 yaşı tamam olana qədər övladına aliment ödəyir.
Bəs, görəsən, boşanmış ailələrdən çıxan uşaqların sosiallaşmasında hansı çətinliklər yaşanır?
Mövzu ilə bağlı pedaqoq Aysel Rəsulzadə AzEdu.az-a açıqlama verib.
“Təəssüf ki, boşanmalar uşaqlarda həm psixoloji, həm də fizioloji cəhətdən dəyişikliklərə səbəb olur. Bu zaman onlarda davranış pozuntuları, gecə ağlamalar, yuxu rejminin, eləcə də qidalanmanın pozulması, məktəb dərslərində geriləmələr müşahidə olunur.
Boşanma zamanı tərəflər qadın və kişi olaraq öz öhdəliklərini itirsələr də, valideyn kimi vəzifələrini sona qədər yerinə yetirməlidirlər. Təəssüf ki, bir çox hallarda valideynlər övladları qarşısında öz borclarını unudurlar. Burada isə ən çox əziyyəti uşaqlar çəkirlər.
Hansı tərəfin aliment ödəməsindən asılı olmayaraq, onların daha çox valideyn sevgisinə ehtiyacları var. Uşaqların valideynlərdən istədiyi pul yox, sevgi, qayğı və əyləncəli vaxtdır. Mənəvi ehtiyaclar kifayət qədər ödənilmədiyi halda, uşaqlarda bir çox narahatlıqlar baş qaldırır. Ona görə də madiyyatdan daha çox, mənəvi ehtiyacların qarşılanmasına diqqət yetirilməlidir.
Eyni zamanda boşanan tərəflər övladları qarşısında dürüst olmalıdırlar. Prosesi öz övdladının xarakterinə, tipinə, psixologiyasına uyğun açıqlamalı, nə olursa, olsun, ana, ata kimi onun yanında olduqlarını hiss etdirməlidirlər. Bu söhbətlər uşaqlara psixoloji olaraq müsbət təsir edir və boşanma prosesini daha rahat qəbullanmalarına səbəb olur.
Valideynləri boşanmış uşaqların mənəvi ehtiyacları kifayət qədər qarşılandığı halda, düşdükləri mühitdə öz yoldaşları ilə narahatlıqları da olmur. Əlbəttə, ana, atanın ayrı yaşaması, ailə mühitinin olmaması uşaqların daxillərində narahatlıq, qısqanclıq hissləri yaradır. Bəzən valideynlər özləri istəmədikləri halda belə övladlarının mənəvi və fizioloji ehtiyaclarını ödəmək üçün süni “ailə” mühitini yaratmaq məcburiyyətindədirlər. Bütün ehtiyaclar yetərincə qarşılandığı halda uşaqlarda güvən formalaşır”.