AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
2 oktyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
2 oktyabr Qeyri-Zorakılıq Günüdür:
2007-ci ildə BMT Baş Assambleyası hər il oktyabrın 2-nin Beynəlxalq qeyri-zorakılıq günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Qərara əsasən, bu gün sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiqləmək üçün təsis olunub.
2 oktyabr 1992-ci ildə Xocavənd rayonu Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub:
Nəticədə rayon sakinlərindən 141-i şəhid, 300 nəfərdən çoxu əlil olub. İşğalda rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterrir əməliyyatları nəticəsində Xocavənd tamamilə Azərbaycanın suverenliyinə keçdi.
2 oktyabr 2020-ci ildə Azərbaycanlı mayor Vətən Müharibəsi Qəhrəmanı Elbrus Bayramov şəhidlik zirvəsinə yüksəlib.
Elbrus Bayramov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun mayoru olan Elbrus Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elbrus Bayramov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı Qərvənd istiqamətində şəhid olub. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub.
2 oktyabr 2007-ci ildə “Xəzər TV” təsis edilib.