Son zamanlarda sosial şəbəkələrin əsas kontenti makiyaj videolarıdır. Təbii ki, bu kimi videoları izləyən azyaşlı qızlar onlardan ilhamlanaraq makiyaja həvəs göstərirlər.
Daha kiçik yaşlardan uşaqların makiyaj vasitələrindən istifadə etməsi onlara nə dərəcədə zərər vurur?
Mövzu ilə əlaqədar pedaqoq Aysel Rəsulzadə AzEdu.az-a açıqlama verib.
“Bu gün cəmiyyətimizdə gənclik yaşına çatmamış yeniyetmə qız uşaqlarının makiyaja çox həvəsli olması çox geniş vüsət alıb. Eyni zamanda sosial şəbəkələrin uşaqlar üçün əlçatan olması da onların həyatlarında mühüm rol oynayır. Bu baxımdan biz böyüklər olaraq övladlarımızın sosial şəbəkələrdən istifadəsinə nəzarəti gücləndirməliyik.
Ümumiyətlə qızlarda makiyaja həvəs uşaq yaşlarından başlayır. Onlar müəyyən yaşa çatdıqdan sonra ana və nənələrinin kosmetik məhsullarından istifadə etməyə başlayırlar.
Yeniyetməlik dövründə isə bu həvəs daha da artır. Həmin dövür qızlar üçün önəmlidir. Bu zaman özlərini tamamilə qüsursuz görmək istəyirlər”.
A.Rəsulzadə qeyd edib ki, qızlar müəyyən qüsurlarını ört-basdır etmək üçün makiyajdan daha çox istifadə etməyə başlayırlar:
“Ona görə də onların bu həvəsi anlaşılandır. Biz valideynlər olaraq həmişə onların yanında olmalı, tövsiyələrimizlə onları daha sağlam vasitələrə əl atmağa çağırmalıyıq. Bu baxımdan biz uşaqlarımıza zərərli olan kosmetik məhsullardansa, onların dərilərinə qulluq xarakterli nəmləndiriciləri tövsiyə edə bilərik. Çünki bu yaşda onlar nəyin doğru, nəyin yanlış olduğunu bilmirlər. Ona görə də kosmetik vasitələrin ziyanlarını ətraflı izah etmək lazımdır”.
Pedaqoq sosial şəbəkələrin də uşaqların tərbiyəsində böyük rol oynadığını qeyd edib:
“Bu mənada biz övladlarımızın maraq dairəsini daim araşdırmalı, onun xarakterinə tam bələd olmalı bununla bağlı çox ciddi formada mütəmadi söhbətlər aparmalıyıq.
Valideynlər, xüsusən də analar öz qızları üçün ən gözəl nümunə olmalıdır. Odur ki, istər etdiyimiz makiyajda, istər geyindiyimiz geyimdə, istərsə də danışıq tərzimizdə hər zaman diqqətli olmalıyıq. Onlara öyrətməliyik ki, ən böyük gözəllik məhz sadəlikdir. Bu zaman romantik ədəbiyyatın ən böyük nümayəndələrindən olan Hüseyn Cavidin fikrini xatırladım:“Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti”.