“Regionla şəhər arasında balansı qoruyub saxlamaq və yaxud fərqi aradan qaldırmaq üçün regionlarda işləyən müəllimlərin maaşlarına müəyyən faizlər əlavə olunmalıdır”.
Bu fikri AzEu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov qeyd edib.
Ekspert bildirib ki, region və şəhər məktəbləri arasında fərq var:
"Uzun illərdir ki, biz aşağı bal toplayan müəllimləri regionlara, kəndlərə işləmək üçün göndəririk. Daha yüksək bal toplayanları isə şəhərlərə işə qəbul edirik.
Təbii ki, şəhər məktəblərində fəaliyyət göstərmək istəyənlərin sayı daha çoxdur. Bu həm repetitorluğun şəhərlərdə daha geniş yayılması, həm də regionlarda müəllimlərin qalması üçün lazımi şəraitin olmaması ilə bağlıdır. Bunun da təbii ki, həm obyektiv, həm də subyektiv səbəbləri var.
Bir çox hallarda isə gənc kadrlar ailələrindən uzaqda işləmək istəmirlər və şəhərlərə üz tuturlar. Məhz bu səbəbə görə regionda işləyən müəllimlərin bilik və bacarıqlarıyla şəhərdə işləyənlərin arasında böyük bir fərq formalaşıb".
Həmsöhbətimiz vurğulayıb ki, buna baxmayaraq regionlarda işini bilən kifayət qədər müəllim fəaliyyət göstərir:
“Bundan əvvəlki sertifikasiyalarda da kifayət qədər yüksək bal toplayan müəllimlərimiz olub. Düşünürəm ki, regionla şəhər arasında balansı qoruyub saxlamaq, fərqi aradan qaldırmaq üçün regionlarda işləyən müəllimlərin əməkhaqqısına müəyyən faizlər gəlməlidir. Bu praktika bir sıra ölkələrdə var.
Bir çox ölkədə kənd məktəblərində fəaliyyət göstərən müəllimləri rəğbətləndirmək üçün maaşlarına əlavələr edilir. Bununla bağlı sosial-məişət tədbirləri həyata keçirilir.
Hazırda Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarı var. Müəllimlər həmin qərarı H1 və H2 adıyla tanıyırlar. Belə ki, kənd yerlərində rayon mərkəzindən 20 kilometr məsafəsi olanlara 90 manat, 20 kilometrdən uzaqda yerləşən məktəblərdə işləyənlərə isə 100 manat vəsait ayrılır. Bu 3 il müddətində verilir. Əgər 35 yaşına qədər həmin müəllim fəaliyyətinə davam etdirərsə, 2 il daha bu məvacibi ala bilir. Hər bir müəllim bundan yalnız bir dəfə istifadə edə bilər. Amma əvvəl belə deyildi".
E.Qafarov söyləyib ki, həmin müəllimlər üçün ayrılan 90-100 manat onların tələbatlarını ödəmir:
"Yaxşı olardı ki, 35 yaşı tamam olandan sonra da müəllimlər bundan istifadə edə bilsinlər. Eyni zamanda kənd yerlərində çalışan məktəb rəhbərləri üçün də bu əlavələr nəzərdə tutulmalıdır. Hazırda verilən 90-100 manat tələbatı ödəmir. Hesab edirəm ki, bu rəqəmin ən azı üç dəfə qaldırılması müəllimlərin üçün bir motivasiya olardı.
Fizika, kimya, biologiya, coğrafiya, təsviri incəsənət, musiqi və texnologiya fənlərində saatlar azdır. Kəndlərdə həmin fənləri seçən müəllimlər üçün isə əlavə həvəsləndirmə tədbirləri hazırkından daha çoxdur. Bu tədbirlərin həyata keçirilməsi ümumilikdə kəndə işləməyə gedən gənclərin sayı artacaq”.