“Müasir dövrüdə dünyada gedən proseslər fonunda bir sıra ixtisasların ali təhsil müəssisələrində açılması vacib addımlardan biri olmalıdır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov qeyd edib.
Ekspert bildirib ki, ölkəmizdə açılması və ya təkmilləşdirilməsi faydalı ola biləcək ixtisaslar var:
“Azərbaycanın iqtisadi inkişafı üçün texnologiya və mühəndislik sahələrində mütəxəssislərin yetişdirilməsi vacibdir. Texnoloji startaplar, informasiya texnologiyaları, robototexnika və süni intellekt sahələrində çalışan kadrlar ölkənin rəqabət qabiliyyətini artıracaq. Hazırda mövcud universitetlərdə mühəndislik ixtisasları olsa da, daha spesifik və qabaqcıl texnoloji ixtisaslara ehtiyac var. Mümkün istiqamətlər kimi süni intellekt, robot texnikası, proqram mühəndisliyi, kiber təhlükəsizlik, enerji mühəndisliyi qeyd etmək olar.
İqlim dəyişikliyi, ətraf mühitin qorunması və təbii resursların davamlı istifadəsi günümüzün əsas problemlərindəndir. Azərbaycanda ekologiya və təbiət elmlərinə xüsusi diqqət verən ixtisasların genişləndirilməsi vacibdir. Bu, ekoloji problemlərin həlli üçün ixtisaslı kadrlar hazırlamaqla yanaşı, ölkənin ekoloji siyasətini gücləndirə bilər. Mümkün istiqamətlərə ekologiya mühəndisliyi, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, bio-texnologiyalar aiddir.
Tibbin inkişafı və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması üçün tibb sahəsində müasir standartlara uyğun kadrların hazırlanması vacibdir. Həmçinin biotexnologiyalar sahəsində yenilikçi araşdırmaların aparılmasını və genetik, farmakoloji tədqiqatların təşviqini dəstəkləməliyik. Mümkün istiqamətlər üzrə biotexnologiya, gen mühəndisliyi, tibbi texnologiyalar, farmakologiya və klinik tədqiqatlar daxildir”.
K.Əsədov söyləyib ki, Azərbaycanın iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur, lakin bu sahədə müasir elmlərə əsaslanan təhsil və araşdırmalar hələ tam inkişaf etməyib:
“Kənd təsərrüfatı ixtisasları müasir metodların tətbiqini, qida istehsalı və bu sahələrə texnologiyalarının təkmilləşdirilməsini tətbiq edilməsini öyrətməlidir.
Mümkün istiqamətlər kimi aqronomluq, heyvandarlıq, qida texnologiyaları, aqrobiznesin idarə edilməsi, bitki genetikasını qeyd etmək olar.
Rəqəmsal iqtisadiyyat və sahibkarlıq bu gün hər bir ölkənin inkişafı üçün əsas istiqamətlərdən biridir. Azərbaycanda belə bir ixtisasların yaradılması və mövcud olanların təkmilləşdirilməsi gəncləri biznes sahəsində hazırlayaraq, rəqəmsal iqtisadiyyata adaptasiya etməyə kömək edərdi. Bununla, startaplar, kiçik və orta bizneslər dəstəklənər və rəqabətqabiliyyətli kadrlar yetişdirilər.
Mümkün istiqamətlərə rəqəmsal iqtisadiyyat, maliyyə texnologiyaları (Fintech), e-ticarət, rəqəmsal marketinq, sahibkarlıq və innovasiyalar daxildir.
Bu ixtisasların açılması, mövcud olanların təkmilləşdirilib əhatəsinin genişləndirilməsi Azərbaycanın gələcəkdə zəruri ehtiyac duyulacağı müxtəlif sahələrdə ixtisaslı kadrların hazırlanmasına töhfə verər.Bizi yaxın gələcəkdə ekoloji, enerji və qida sahəsində təhlükəli vəziyyət gözləyir. İndidən bu istiqamətlərə kadr hazırlamalıyıq”.