Azedu.az

“Peşələrə maraq oyatmaq üçün peşə adamlarının hörmət və nüfuzu artırılmalıdır”

Peşə Təhsili

25 Sentyabr 2024, 09:38
“Peşələrə maraq oyatmaq üçün peşə adamlarının hörmət və nüfuzu artırılmalıdır”

Son illər peşə məktəblərinə maraq artsa da, yenə də cəmiyyətdə, “hamının ali təhsil diplomu olmalıdır” düşüncəsi var. Buna səbəblərdən biri də, yüksək vəzifələrdə ali təhsillilərə daha çox təlabat olmasıdır. Buna görə də çoxları peşə təhsilinə dırnaqarası baxırlar.

 

Bu stereotipi necə aradan qaldıra bilərik? Peşə adamlarının nüfuzunu necə artırmaq olar?

 

Mövzu ilə bağlı təhsil mütəxəssisi Nadir İsrafilov AzEdu.az-a açıqlamasında bildirib ki, yeni iş yerləri açılmalı, sadə peşə sahibləri stimullaşdırılmalıdır:

145745

“Açıq etiraf edək ki, biz daha çox ali təhsilə meyilliyik, nəinki peşə təhsilinə. Bu, bəlkə də, necə deyərlər mentalitetimizlə bağlı olan bir məsələdir. Hər valideyn öz övladını ali təhsilli, daha doğrusu, diplomlu görmək arzusundadır. Halbuki, iqtisadiyyatımızda müəyyən peşələr üzrə ixtisaslı kadrlara ciddi tələbat var. Ona görə də, Azərbaycanda peşə təhsili sahəsində maddi-texniki baza gücləndirilməli, dövrün tələblərinə cavab verən ixtisaslı kadrlar hazırlanmalıdır. Dövr tələb edir ki, peşə-ixtisas məsələsi öndə olsun. Almaniya, Yaponiya, Koreya kimi ölkələr məhz yüksək inkişafa peşə-ixtisas səviyyəsini artırmaqla nail olublar. Bu gün Almaniyada peşə məktəblərinin sayı ali təhsil müəssisələrinin sayından çoxdur. Bizim sadə peşə adamlarına böyük ehtiyacımız var. 

 

Ölkə başçısı da dəfələrlə gənclərlə görüşündə peşə təhsili məsələsini ön plana çəkib – “peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır. Biz iqtisadi inkişafımızı planlaşdırırıq. Bizim regional inkişaf proqramlarımız dərc olunur. Yəni biz öz beşillik fəaliyyət planımızı tərtib edirik və eyni zamanda, sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı proqramlar bizə yol göstərir. Ona görə peşə hazırlığı buna uyğun şəkildə aparılmalıdır.

 

Bu gün orta məktəb məzunlarının bu sahəyə cəlb olunması üçün bütün müasir metodlardan istifadə edilir, peşə təhsili nəinki təkmilləşdirilir, yeni peşələr meydana çıxır, regionların tələbatına, tələb-təklif prinsipinə müvafiq olaraq bu sahə daha da inkişaf etdirilir.

 

N.İsrafilov qeyd edib ki, sovet dönəmi ilə müqayisədə bizdə peşə təhsilinə maraq heç də ürəkaçan olmayıb:

 

“Texniki Peşə Təhsili Komitəsi ayrıca dövlət qurumu olanda  texniki peşə təhsili çox yüksək inkişaf səviyyəsində olub. Həmin dövrdə texniki peşə təhsilinə maraq da böyük idi. Ancaq, sonralar Azərbaycanda peşə təhsilinin keyfiyyəti nəzərəşarpacaq dərəcədə aşağı düşdü. Peşə məktəblərinə maraq və diqqət azaldı.

 

Nəhayət, Azərbaycanda təhsilin inkişafı ilə bağlı strategiya qəbul olundu. Orada təhsilin mərhələləri, pillələri, təhsil sahəsindəki mövcud vəziyyət təhlil olundu, hədəflər müəyyənləşdirildi. Peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edən  Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Struktur dəyişikliyindən sonra yeni yaradılan strukturun fəaliyyəti və bu sahədə olan dirçəlişlə bağlı müəyyən irəliləyişlər olsa da məzunlarımız yenə də əsasən ali məktəblərə üstünlük verirlər.

 

Yaşlı və orta nəslin nümayəndələri yəqin bilməmiş deyillər ki, bir vaxtlar sadə peşə adamları ali təhsilli diplomlulardan daha artıq hörmət və nüfuz sahibi idilər. Onların şərəfinə şeirlər yazılar, mahnılar qoşulardı. Onlar rəsmi dövlət qurumlarında təmsil olunar, qanunvericilik orqanlarında mandat sahibi olar və həm də idarəetmə sahəsidə söz sahibinə çevrilərdilər. Elə bir rəsmi tədbir olmazdı ki, sadə peşə adamlarından kimsə rəyasət heyətində təmsil olunmasın, məktəblərdə elə bir Son zəng və digər tədbir olmazdı ki, sadə peşə adamı ora dəvət almasın yeniyetmə və gənclərə öz xeyir-duasını verməsin. Bu gün Milli Məclisdə hüquqşünas, iqtisadçı, diplomat və əsasən də iş adamlarından savayı hansı sadə peşə sahibi təmsil olunub, bəlkə də mən bilmirəm?

 

Bəlkə, mentaliteti bir kənara qoyub, yeniyetmə və gənclər arasında peşə təhsilinə marağı artıraq. Onların əksəriyyəti ali təhsil almağa can atsa da, günümüzdə xeyli vacib olan, həm də kifayət qədər qazanclı sayılan peşələri öyrənmək istəyənlərin sayını artıraq. Valideynlər də onları düzgün istiqamətə yönləndirib, onların müstəqil seçiminə mane olmasınlar. Övladının seçiminə müdaxilənin ağır nəticələrindən sonralar əziyyət çəkən valideyn az görməmişik ki…

 

Bu gün, dünyada sosial, mədəni, iqtisadi, ekoloji və texnoloji dəyişikliklər baş verir. İqtisadiyyatın inkişafı ilə əlaqədar əmək bazarlarında tələbatlar ildən-ilə artır, işçilər arasında artan bacarıq boşluqları müşahidə edilir. IV sənaye inqilabının dünyanı tarixdə heç olmadığı sürətlə dəyişdiyi bir dövrdəyik. Bu inqilab bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar planlaşdırıb tətbiq etməyi tələb edir.Texnologiya sahəsində baş verən irəliləyişlər özləri ilə bərabər yeni peşələr gətirir və yeni iş imkanları yaradır. Yeni peşələr, qismən və ya tamamilə köhnə peşələrin yerini almaqdadır. Həm köhnə, həm də yeni peşələrdə lazım olan bacarıqlar bir çox iş sahələrini də dəyişir, insanları necə və harada işləyəcəyi zərurəti qarşısında qoyur. Bütün bunlara rəğmən bu gün yeni peşələri təyin edib, bu peşələrə görə də yeni təhsil proqramları hazırlayıb və tətbiq etmək zərurəti yaranır.

 

Digər tərəfdən, bu gün ölkəmiz ən mötəbər yarışlara, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Əmək bazarının araşdırması da göstərir ki, Azərbaycanda ixtisaslı və peşəkar peşə sahiblərinə ciddi ehtiyac var və bununla bağlı çatışmazlıqlar hələ də qalmaqdadır. Bu mənada, peşə təhsili nəinki,  təkmilləşdirilməli, əksinə regionların da tələbatına, tələb-təklif prinsipinə müvafiq olaraq daha da inkişaf etdirilməli, stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Hesab edirəm ki, bu günümüzdə sadə peşə adamlarının hörmət və nüfuzunu qaldırmadan, peşələrə dərin maraq oyatmaq o qədər də real və effektli görünmür...”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox