Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda 12 illik ümumi təhsilə keçidin zəruriliyi əsaslandırılaraq qeyd olunub. Bu barədə zaman-zaman müzakirələr aparılsa da, hələ də 12 illik təhsilə keçid edə bilməmişik.
Niyə hələ də bu sistemə keçid edə bilmirik? 12 təhsil bizə nələri vəd edir?
Sabiq deputat, təhsil mütəxəssisi Etibar Əliyev AzEdua.az-a mövzu ilə bağlı açıqlama verib.
E.Əliyev 12 illik təhsil sisteminə keçidin vacibliyinən bəhs edib:
“2013-cü ildə qəbul olunmuş strategiyada orta təhsildə ən mühüm islahat kimi 12 illik təhsilə keçid nəzərdə tutulub. Amma buna baxmayaraq həmin mövzuya uzun müddətdir toxunulmur. Dünyanın 100-dən çox ölkəsi 12 illik təhsilə keçid edib. Buraya Avropanın bir sıra ölkələri də daxildir. Tədqiqatçılar hesab edirlər ki, bu sistem şagirdlərin biliklər qazanmasında, təfəkkürünün formalaşmasında əhəmiyyətli bir modeldir. Bu məsələ ilə bağlı Milli Məclisdə dəfələrlə müzakirələr aparmışıq.
12 illik təhsilə keçidin ən üstün cəhəti ondan ibarətdir ki, burada təmayülləşmə prosesi asanlaşa, orta təhsilin 1 pilləsi artırıla bilər. Orta təhsil pilləsinin 1 il artırılması bir sıra təbiət fənlərinin də şagirdlər tərəfindən mənimsənilməsi üçün əhəmiyyətli ola bilər. Bizdə I-IV sinif ibtidai, V-IV ümumi orta təhsil, X-XI isə tam orta təhsil hesab olunur. Ancaq təəssüflər olsun ki, biz 12 illik sistemə keçə bilməmişik və uzun müddət ərzində keçməyimiz də üfüqdə görünmür.
Bütün dünyada təhsilin keyfiyyətinin indikatorlarından biri təhsilin müddəti ilə hesablanır. 12 illik təhsilə keçidin digər üstünlüklərindən biri də orta məktəb məzunlarına verilən təhsil sənədlərinin (attestatların) xarici orta məktəblərin təhsil sənədlərinə uyğunluğu (unitifikasiya) yarana bilər. Biz 11 illik təhsil sistemində bundan da məhrum oluruq. Bütün bu məqamlar 12 illik təhsil sisteminin müsbət cəhətlərindəndir. Təəssüf ki, biz XXI əsrin 24-cü ilində yaşayırıq, amma 12 illik təhsilə keçə bilməmişik”.
Müsahibimiz qeyd edib ki, 12 illik təhsilə keçid zamanı əsgərlik yaşının da 1 il artırılmasına ehtiyac yaranır:
“Bu sistemin əhəmiyyəti olmasaydı dünyanın 100-dən çox ölkəsi buna keçid etməzdi. Həmçinin, oğlan uşaqları üçün 1 il əlavə təhsil onların fiziki inkişafları üçün də əhəmiyyət kəsb edə bilər”.