Azedu.az

Müəllim olmaq istəyənlər qabiliyyət imtahanı VERMƏLİDİR

Müəllimlər və elm adamları

19 Sentyabr 2024, 09:51
Müəllim olmaq istəyənlər qabiliyyət imtahanı VERMƏLİDİR

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşələrdən biri hesab olunur. Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, təlim-tərbiyəsində yaxından iştirak etmək üçün güc sərf edirlər. Lakin müşahidələrə əsasən elə müəllimlər var ki, savadlı olsalar da biliklərini çatdırmaqda çətinlik çəkirlər.

 

Belə ki, müəllimlərin işə qəbulu imtahanının test mərhələsindən yüksək bal toplayanların bəziləri müsahibə mərhələsindən keçə bilmirlər.

 

Bu nöqteyi-nəzərdən müəllimlik ixtisasına qəbul zamanı ayrıca qabiliyyət imtahanının yaradılması lazımdırmı? Onların təkcə savadı deyil, danışıq qabiliyyətləri də yoxlanmalıdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə bildirib ki, ümumiyyətlə hər bir ixtisasa qəbul olan tələbənin həmin ixtisas üzrə qabiliyyət və bacarıqları olmalıdır:

 

“Test imtahanı vasitəsilə abituriyentin qabiliyyətini və bacarıqları deyil, bilik səviyyəsi yoxlanılır. Hər bir ixtisas üzrə mütəxəssis olmaq üçün isə zəruri bacarıq və qabiliyyətlər olmalıdır. Ali məktəbə qəbul prosesində tələbənin biliyinin yoxlanılması ilə bərabər qabiliyyət və bacarıqlarını müəyyən etmək lazımdır. Ali məktəbə qəbul prosesi buna uyğun olaraq həyata keçirilməlidir. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadə də bu məsələyə diqqət yetirdi ki, abituriyentlər ixtisas seçiminə düzgün yanaşmırlar. Mən DİM-in Direktorlar Şurasının sədri Məleykə xanımın fikirləri ilə tam razıyam”.

 

H.Əlizadə vurğulayıb ki, bu məsələdə bizim dünyanın qabaqcıl ali məktəblərinin təcrübəsindən yararlanmağımız yaxşı olardı:

 

“Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində ali məktəbə qəbul prosesində əsasasən orta məktəb balları nəzərə alınır. Məktəb balları hesablandıqdan sonra qabiliyyət imtahanları təşkil olunur. Qabiliyyət imtahanları müəyyən testlər vasitəsilə həyata keçirilir. Düzdür, biz müəyyən səbəblərə görə hələ ki, bu təcrübəni tətbiq edə bilmərik.

 

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu yaxınlarda qeyd etdi ki, onlar gələn ildən qəbul prosesini yeni sistemlə həyata keçirəcəklər. Düşünürəm ki, həmin sistemdə bilik səviyyəsinin yoxlanılması ilə bərabər qabiliyyət imtahanlarının tətbiqinə də önəm veriləcəkdir. Hazırda dünya təcrübəsində bacarıq və qabiliyyətlərin müəyyən edilməsi üçün test nümunələri vardır. Fikrimcə, abituriyentlərin bilik səviyyəsi yoxlandıqdan sonra qabiliyyət imtahanlarının da keçirilməsi ixtisasların daha düzgün seçilməsinə imkan yaradacaqdır. Belə olarsa, bu kadr hazırlığının yeni keyfiyyət mərhələsinə qədəm qoymasına səbəb olar”.

 

“Örnək Müəllim” olan 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, qabaqcıl təhsil işçisi Kəminə Zalovanın sözlərinə görə, hər bir müəllim cəmiyyət yetişdirir və gələcəyi formalaşdırır:

 

“İnsan daxilən yüksək potensiala, çox güclü biliyə malik ola bilər. Amma onu qarşısındakına ötürə bilmirsə, həmin şəxsin fərd olaraq cəmiyyətə heç bir xeyri dəyməcəyək. 

 

Müəllim gələcəyi formalaşdırır. Nitq bir müəllim üçün son dərəcə vacib bir məsələdir. Hətta dərs zamanı şagirdlərimə deyirəm ki, Qədim Yunanıstanda natiqlik xüsusi sənət olub. Natiqlik üçün xüsusi kriteriyalar var. Hətta qeyd edilir ki, natiqlərin boyu nə çox uzun, nə çox qısa olmalı deyil.

 

Ümumiyyətlə dil müəllimlərinə deyil, gələcəyin hər bir müəlliminə natiqlik sənəti keçirilməlidir. Ali məktəblərdə düşünürəm ki, bu sənətlə bağlı ən azı 6 ay tədris edilməlidir. Müəllimin yüksək səviyyədə danışıq qabiliyyəti olmalıdır. Bəzən elə bir mövzu olur ki, bir sinifdə başqa cür izah edilir, digər sinifdə artıq o cür izah ediləndə başa düşülmür”.

 

Həmsöhbətimiz vurğulayıb ki, müəllim olmaq istəyənlər üçün həm test, həm də xüsusi bir müsabiqə təşkil olunmalıdır:

 

“Müəllimin ünsiyyət bacarığı zəif olduqda, ancaq oxuduğunu robot kimi çatdırır. Onun verdiyi məlumatlar şagirdlər üçün təbii ki, yararlı olmayacaq. Bu da öz növbəsində dərsin keyfiyyətinə təsir edir.

 

Ona görə də düşünürəm ki, müəllim olmaq istəyənlər üçün həm test, həm xüsusi bir müsabiqə təşkil olunmalıdır. Mənim müəllimlik ixtisasını seçiyimi bilən müəllimim demişi ki, “Kaş şifahi imtahan olardı”. Soruşduq ki, niyə? Dedi ki, “Mənim qızım şifahi nitqi ilə savadını daha yaxşı göstərə biləcəkdi”. Ona görə də hesab edirəm ki, müəllimlik ixtisası üçün imtahanlar bir neçə mərhələli olmalıdır”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox