Azedu.az

İlk dərs günündə ağlayanlar... – “Onların üzərində təzyiqlər var”

17 Sentyabr 2024, 15:37
İlk dərs günündə ağlayanlar... – “Onların üzərində təzyiqlər var”

Yeni tədris ili üçün xüsusi əhəmiyyət kəsb edənlər daha çox I sinif şagirdləridir. Belə ki, ilk dərs gününə sevincə gələn şagirdlər olsa da, onlar arasında kövrələnlər də olur. Müşahidələrimiz əsasında deyə bilərik ki, şagirdlər arasında ən çox ağalayanları məhz oğlanlar təşkil edirdi.

 

Maraqlıdır, buna səbəb nədir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Sona Əliyevanın sözlərinə görə, bağçaya və ya məktəbəhazırlıq qruplarına qatılan uşaqların belə adaptasiya problemləri ilə üzləşməsi onların təcrübələrindən, emosional və sosial vəziyyətlərindən asılıdır:

Sona Əliyeva:

“Yeni tədris ilinin başlanması, xüsusilə I sinif şagirdlərinin həyatında çox vacib və həyəcanverici bir mərhələdir. Psixososial inkişaf nəzəriyyəsinə görə məktəbə getmək uşaqların həyatında yeni bir inkişaf mərhələsidir. Bu mərhələdə uşaq ilk dəfə sosial cəmiyyətin qayda və gözləntiləri ilə üzləşir. Bağça və məktəb arasındakı əsas fərq, mühit və qaydaların daha ciddi olmasıdır.

 

Bağçada uşaqlar oyun oynayır, daha sərbəstdirlər, məktəbdə isə dərslər, cədvəl və müəllimlərin qoyduğu qaydalarla üzləşirlər. Bu keçid dövrü bəzi uşaqlar üçün stresli ola bilir, çünki onlar əvvəlki daha rahat mühitdən yeni, daha nizam-intizam tələb edən bir mühitə keçir.

 

Məktəbdə müəllimlərlə və sinif yoldaşları ilə düzgün münasibət qurmaq, 45 dəqiqəlik bir neçə dərsdə oturmaq, müəllimə qulaq asmaq, tapşırıqları yerinə yetirmək lazım gəlir ki, bu da uşaqların böyük əksəriyyəti üçün çətindir. Buna baxmayaraq bilmək lazımdır ki, məktəb mühiti uşağın emosional və sosial inkişafına ciddi təsir göstərir və yeni mühitə alışmaq zaman tələb edir. Odur ki, valideynlərin və müəllimlərin məhz bu müddət ərzində səbrli və anlayışlı olması vacibdir.

 

Uşaqların məktəbə adaptasiya çətinlikləri əksər hallarda valideynlərindən ayrıldıqda özlərini təhlükəsiz və qorunmamış hiss etmələri ilə əlaqədardır.  Valideynlərin məktəbdən uzaqda olması, ilk vaxtlarda uşaqlarda daxili narahatlıq və qorxu yaradır”.

 

Həmsöhbətimiz vurğulayıb ki, uşaqların məktəbə adaptasiyasında çətinlik olmasına səbəb əksər hallarda valideynlərdən ayrılma qorxusu, xüsusilə anaya bağlı olan uşaqlarda daha sıx görünə bilər:

 

“Bu cür narahatlıqlar uşaqda adətən ağlamaqla müşahidə olunur və bəzən də məktəbə qarşı mənfi münasibət kimi özünü göstərə bilir. Hər bir uşaq fərqli xarakterə və emosional həssaslığa malikdir. Bəzi uşaqlar utancaq, həssas və ya narahat olarkən, digərləri daha sərbəstdirlər. Bu fərdi xüsusiyyətlər uşaqların məktəbə uyğunlaşma prosesində böyük rol oynayır. Hətta bağçaya getmiş uşaqlar belə məktəbdə yeni bir təcrübə ilə qarşılaşdıqları üçün fərqli reaksiyalar verə bilərlər.

 

Bu il müşahidə edilən oğlan uşaqlarının daha çox ağlaması özlüyündə maraqlı bir müşahidədir. Cəmiyyətdə oğlan uşaqlarına olan gözləntilər (güclü, sərt, müstəqil olmaq kimi) onlara əlavə təzyiq yaradır. Onlar da başqa uşaqlar kimi öz emosiyalarını ifadə etmək və müəyyən bir mühitə alışmaqda çətinlik çəkə bilər. Məhz, oğlan uşaqlarına edilən əlavə təzyiqlər, bəzən onların emosional reaksiyalarını daha açıq göstərməsinə, yəni ağlamasına səbəb olur.

 

Uşaqların məktəbə adaptasiya çətinlikləri fərqli səbəblərdən qaynaqlanır. Onlarin emosional və sosial inkişafi, fərdi xüsusiyyətləri, cəmiyyətin gözləntiləri və mühit dəyişikliyi bu prosesə təsir göstərir. Valideynlərin və müəllimlərin anlayışlı davranışı, uşaqlara dəstək verməsi və həvəsləndirməsi bu keçid dövrünü asanlaşdıra bilər”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox