“Ölkə ali təhsil sektorunun əssas heyətində 15807 nəfər müəllim çalışır və onların 55%-nin elmi dərəcəsi yoxdur”.
Bu sözləri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.
Professor qeyd edib ki, bu statistika böyük problemlərimizin olduğunun göstəricisidir:
“Biz bu gün dünya elminə yeni hədəf qoymuşuq. Bəzən görürsən ki, hər hansısa bir şəxsin elmi adı, tədqiqatı, elmi fəaliyyəti yoxdur, amma böyük bir elmi təşkilata rəhbərlik edir. Axı bu düzgün deyil. Sanki hərbi anlayışı olmayan ordu kapitanı bir qrupa rəhbərlik edir. Bilirsiniz, elmlə hərbinin heç bir fərqi yoxdur. Bu gün əsas ənənə elmi məktəbin qurulmasıdır.
Ali məktəbdə işləyənlərin çoxunun elmi dərəcəsi yoxdur. Bu statistika ilə bizim böyük problemlərimiz ortaya qoyuldu. Bəs nə etməliyik? Oksford Universiteti nə ilə fərqlənir? Burada təhsil alanların 70%-i doktorantdır. Orada təhsil səviyyəsi bakalavrla deyil, doktorantura ilə ölçülür”.
Z.Məmmədov bildirib ki, elmi dərəcə və adların güclənməsi üçün addım atılmalıdır:
“Universitetlər nə vaxta qədər tələbə sayına görə fəxr edəcəklər? Son vaxtlar paylaşım edirlər ki, “600 bal toplayan bu qədər tələbə bizə qəbul oldu” və s. Biz əsas nəticəni müzakirə etməliyik. Ortaya elmi tədqiqatı qoymalıyıq. Bu gün ali məktəblər elmi tədqiqatları ilə fəxr etməlidirlər. İqtisadiyyatda, cəmiyyətdə onun nəticəsini müzakirə etmək lazımdır. Biz bu gün elmi dərəcə və adların güclənməsi üçün düşünüb addım atmalıyıq. Dövlət tərəfindən doktorantlara vəsait ayrılır, lakin onlar müdafiə etmirlər. Niyə? Nə üçün elmi tədqiqatın nəticəsini ortaya qoya bilmirik? Bu məsələ ilə bağlı təcili müzakirə təşkil edilməlidir”.