Bir çox valideynləri narahat edən məsələlərdən biri də övladlarının boy artımı məsələsidir. Çox zaman bu səbəbə görə onlar müxtəlif həkimlərə müraciət edərək uşaqlarının boy artırması üçün fərqli-fərqli dərman preparatlarından istifadə edirlər.
Maraqlıdır həmin dərmanların uşaqlara zərəri varmı? Bu cür vitamin və dərmanların qəbulu onlar üçün nə dərəcədə faydalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a pediatr Aytən İsmayılzadə açıqlama verib:
A.İsmayılzadə bildirib ki, boy artımı ilə bağlı istifadə olunan vitaminlərdən ehtiyat edilməlidir:
“Bəzən valideynlərin hər ikisinin boyu qısa olduğu halda övladlarının uzun olmasını istəyirlər. Onu qeyd etmək lazımdır ki, ata və ananın boyu qısadırsa, uşağın boyunun uzun olması ancaq əmi və dayı kimi ikinci dərəcəli qohumlardan asılıdır. Ancaq nəsil hər iki tərəfdən qısa boydursa, uşaq da qısa boy olacaq. Bəzən valideynlərin uzun olmasına baxmayaraq uşaqlarının boyunun qısa olması kimi hallarına da rast gəlinir. Bu, boy hormonunun çatışmamazlığından irəli gələ bilir. O zaman endokrinoloqa müraciət olunmalı, boy hormonu xüsusi bir qayda ilə yoxlanılmalıdır. Daha sonra isə buna uyğun müalicə təyin edilir.
Bəzi valideynlər də var ki, sadəcə uşağının boyundan narazıdır və onun üçün müxtəlif dərman preparatlarına müraciət edirlər. Bu dərmanların isə tərkibi yalnız vitaminlərdən ibarət olur. Əgər burada həqiqi boy geriliyindən söhbət gedirsə, bu cür vasitələrdən istifadə etməklə uşaqların boy artımını görə bilmərik. Həmin dərmanların fəsadları isə hormonal sistemə təsir edə bilər”.
Həmsöhbətimiz qeyd edib ki, ümumiyyətlə boy artımı qidalanmadan daha çox hormonal sistem, genetikayla bağlı olan bir məsələdir.
“Normal sağlam bir uşağın inkişafı üçün lazım olan əlbəttə ki, sağlam qidalanma, fiziki aktivlik, idmanla məşğul olma - üzgüçülük, dartınma, hoppanma, təmiz havada gəzinti və.s kimi məşğuliyyətlər boy artımına dəstək ola bilər. Onu qeyd edə bilərəm ki, stres boy qısalığına səbəb olan amillərdən biridir. Müşahidələrə əsasən, müharibə şəraitində yaşayan uşaqların boyu çox zaman qısa olur. Çünki bədən enerjisi stres ilə mübarizə aparır. Tez-tez xəstələnən, immunitet azlığı olan uşaqlarda da ümumi inkişaf ləngiməsi görə bilərik”.