Artıq yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Belə ki, tələbə adını qazanan namizədlər kirayə ev tapmaq üçün Bakıya axın etməyə başlayırlar. Lakin onların qarşılaşdığı mənzərə heç də xoş deyil.
Bu il kirayə mənzillərinin qiymətində ucuzlaşma olmadı. Əksinə, daha da bahalaşdı. Əvvəllər ev axtarışında olan şəxslər 1 və ya 2 otaqlı mənzili münasib qiymətə tapa bilirdilərsə, bu il aşağı qiymətə kirayə mənzil tapmaq əlçatmaz olub.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, I kurs tələbləri xüsusilə kirayə ev tapmaqda çətinliklə üzləşirlər:
“Ali məktəbə yeni qəbul olunan tələbələr kirayə ev tapmaq üçün mürüciət edirlər, lakin bir çox ailə övladının tək qalmasına maddi durumu çatmır. Ona görə də bəzən 4-5 tələbə toplaşaraq 2 və ya 3 otaqlı evi kirayələməyə məcbur olurlar.
Bu gün kirayə qiymətləri minimum olaraq 300 manatdan başlayır və otaq sayından, sahəsindən, mövcud evin şəraitindən, hətta harada yerləşdiyindən asılı olaraq qiymətlər dəyişir. Minimum 300 manata kirayə evdə hər hansı bir tələbənin yaşaması üçün br çox ailələrin büdcəsi uyğun deyil. Dünyanın bütün ölkələrində evlərin qiyməti baha olsa da, tələbələr ev tapmaq üçün çətinlik çəkmirlər. Çünki bir çox ali məktəblərin öz tələbə yataqxanası var.Təəssüf ki, bizdə özəl tələbə yataqxanaları da azlıq təşkil edir”.
Ekspert qeyd edib ki, tələbə şəhərcikləri və ya özəl yataqxana inşa edilməlidir:
“Azərbaycanda təhsil ocaqlarının əksəriyyətinin tələbə yataqxanaları mövcud deyil. Demək olar ki, az qisimdə var və ya tələbə yataqxanaları olan ali təhsil müəssisələrində hazırda məcburi köçkünlər yaşayırlar. Yaxşı olar ki, universitet rəhbərlikləri bu məsələ haqqında düşünsünlər və tələbə şəhərciklərinin salınması istiqamətində təkliflər versinlər.
Məsələn, Xocəsən istqamətində gələcəkdə tələbə şəhərciyinin inşası nəzərdə tutulub. Həm ali məktəblər, həm də özlərinin fəaliyyəti üçün bu istiqamətdə ümumi müzakirələr aparılır. Bu məqam tələbələri kirayədən xilas edə bilər. Hər hansısa bir kirayə evin sahibindən tələbələr üçün güzəşt gözləmək yersiz olar”.
Ekspert qeyd edib ki, hələ də oğlan tələbələr kirayə ev tapmaqda çətinlik çəkirlər:
“Çünki oğlan tələbələr evləri natəmiz saxlayır, bəzən əyşları bir çox hallarda qırırlar. Bu kimi problemlərlə üzləşməmək üçün ev sahibləri oğlanlara kirayə ev verməkdən imtina edirlər. Hesab edirəm ki, bu məsələdən çıxış yolu yalnız tələbə şəhərciklərinin inşası, xüsusən də özəl tələbə yataqxanalarının da yaradılmasıdır”.