Bu gün növbədənkənar seçkilərdə deputatlığa namizədlik irəli sürmüş şəxslər arasında təhsil camiəsini təmsil edənlər də var.
Onlar Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğlu Samir Vəliyev, Sumqayıt Dövlət Universitetinin prorektoru Naib Hacıyev, UNEC-in “Menecment” kafedrasının professoru Rövşən Muradov və 80 saylı tam orta məktəbin tarix müəllimi, “Örnək müəllim" Aytən Sərdarlıdır.
Təhsil adamlarının Milli Məclisdə təmsil olunması təhsilimizə nə kimi töhfələr verəcək?
Təhsil mütəxəssisi Nadir İsrafilov AzEdu.az-a açıqlamasında bildirib ki, təhsil adamlarının Milli Məclisdə (MM) təmsil olunması təhsilin ümumi işinin xeyirinədir:
“Bu gün necə ki, hərbi sahə ölkəmizin təhlükəsizliyinin təmini üçün prioritetdirsə, eləcə də təhsil sahəsi Azərbaycan üçün ən öndə duran məsələlərdən biridir. Ümumiyyətlə Parlamentdə təhsil camiəsindən olanların yer alması hər zaman müsbət hal olub. Sovet dövründə də bu belə idi.
Hələ SSRİ dövründə Ali Sovetə seçkilərdə həmişə sosial prioritet gözlənilirdi. Orada iqtisadçı, hüquqşünas, mühəndis, sadə vətəndaşlar və peşə sahibləri də təmsil olunurdular. Bəzən bizdə elə olur ki, müəyyən qrupdan olan adamların sayı ya çoxalır, ya da əksinə təmsil olunmurlar. Bu da özlüyündə həmin sahələrin inkişafı ilə bağlıdır. Əlbəttə, təhsil adamlarının MM-də təmsil olunmasına cəmiyyətin münasibəti çox yüksəkdir.
Prezidentin sərəncamına əsasən “İcimai iştirakçılıq haqqında” qanun qəbul edilib. Bu qanuna uyğun olaraq Milli Məclisdə maraqlı tərəflər çox təmsil olunsa, onların fikirləri ictimaiyyətə çatdırılsa, cəmiyyətin onlara qarşı rəyi öyrənilsə, daha müsbət hallar yaşana bilər. Düzdür, həmin şəxslər sosial şəbəkələrdə, saytlarda öz sözlərini çatdırırlar, amma o fikirlərin Milli Məclisdə vurğulanması saytlara, sosial şəbəkələrə münasibətdə daha sanballıdır.
Uzun illərdir müşahidə edirəm ki, təhsil adamları MM-də çox azlıq təşkil edirlər. O vaxtlar hələ, SSRİ Ali Sovetində müəllimlər, direktorlar təmsil olunurdular. Ancaq təhsil adamlarından cəmiyyətdə nüfuz sahibi olmayanların orqanlarda təmsil olunması da əksinə normal qarşılanmır. Vaxt var idi ki, 10 rektorumuz Milli Məclisdə təmsil olunurdular. Şübhəsiz ki, bunu bu həddə qaldırmaq da olmaz, amma hesab edirəm ki, təhsil adamları nüfuz sahibi olmalıdırlar. Seçim zamanı da prioritet gözlənilməlidir. Peşə adamlarının deputat kimi təmsil olunmasına böyük ehtiyac var.
Bir vaxtlar peşə təhsilinə çox diqqət yetirilib. Peşə adamlarına mahnılar qoşulub, şeirlər deyilib, onlar bizim ən nüfuzlu dövlət qurumlarında o cümlədən, pambıqçılar, neftçilər təmsil olunublar. Düzdür, dövr dəyişib, amma biz peşə təhsilini inkişaf etdirmək istəyirik. Peşə təhsilinin keyfiyyətini artırmaq təkcə peşə məktəblərinin sayının artırılması ilə olmur. Onların nüfuzunu qaldırmaq lazımdır. əvvəllər nefçilərimiz yüksək tribunalarda oturub, dövlət qurumlarında təmsil olunardılar. Ona görə də peşəyə maraq var idi. Camaat məmnuniyyətlə peşəyə yönəlirdi. Nəyə görə sadə peşə sahibləri MM-də təmsil olunmasın ki? Deputatlıq nəsildən-nəsilə keçən proses deyil. Bu kimi hallar cəmiyyətdə çox böyük narazılığa səbəb olur.
Ona görə də seçkilər elə aparılmalıdır ki, bütün sahələr, peşə də, təhsil sahələri də orada təmsil olunsun. Təhsil adamlarının Milli Məclisdə təmsil olunmalarına müsbət hal kimi baxıram.
“Təhsil haqqında, “Ali təhsil haqqında”, “Peşə təhsili haqqında” qanunlar tez-tez müzakirə olunur. Bu qanunların müzakirəsində iştirak edən adamlar ümumi ictimai rəyin nəzərə alınmasında xalqın içində olan, onun sözünü eşidən şəxslərdən təyin olunmalıdırlar.
Əvvəllər əlifba kitabı var idi. Onun yazarı Yahya Kərimov idi. Həmin dərslik 30-40 il tədris olundu. Çünki bir kitabın yaradılması üçün Yahya müəllim kənd-kənd gəzərək müəllimlərlə müzakirələr edirdi. Ona görə də Milli Məclisdə təmsil olunanlar da bu cür ictimaiyyətin arasında olub, onların fikirlərini öyrənməlidirlər.
Tez-tez “Təhsil haqqında” qanunda dəyişikliklər edilir. Elə bir il yoxdur ki, bu qanunda dəyişiklik olunmasın. Çünki bəzi maddələr tam razılaşdırılmadan orada qeyd olunub. Həmin maddələrin dəyişdirilməsi yenidən o maddələrə baxıldıqdan sonra mümkün olur. Şübhəsiz ki, Milli Məclisdə təhsil bilicisinin təmsil olunması, onun mövqeyinin, fikrinin, eləcə də ümumi ictimai rəyin çatdırmasısındakı rolu həmin qanunun obyektiv ictimai rəy əsasında qəbul olunmasına yardımçı ola bilər”.
MM-in komitələri hər hansısa qanunu müzakirə edərkən, nazirliyin, eləcə də onun ayrı-ayrı qurumlarının, agentliklərinin nümayəndələrini, eləcə də təhsil ekspertlərini dəvət edərək, fikirlərini öyrənməlidirlər”, – deyə müsahibimiz vurğulayıb:
“Milli Məclisin komitələrində hər-hansısa mövzular müzakirə ediləndə, təkcə komitə üzvləri iştirak etməli deyillər. Qanunun qəbulu zamanı komitənin iclasında nazirliyin, eləcə də onun ayrı-ayrı qurumlarının, agentliklərinin nümayəndələri, eləcə də təhsil ekspertləri, texnoloqlar kimi 30-40 illik təcrübəsi olan sayılıb-seçilən adamlar da dəvət olunmalıdırlar.
Bir vaxtlar Mərkəzi Komitə “məktəb islahatı” qərarı qəbul etmək istəyirdi. O vaxtlar Pravda qəzetində islahata dair bütün detallar öz əksini taparaq, ictimaiyyətə təqdim olunmuşdu. Hətta Kommunist qəzetində də 15 respublikanın hərəsinin öz dilində bu islahat ictimai müzakirəyə qoyuldu. 1 ay müddətində traktorçu da, müəllimi də, kombayn sürən də, təhsil işçisi də öz fikirlərini müzakirə etmək üçün yazıb göndərdilər. Ona görə də 1984-cü ildə qəbul olunan islahat qanunu SSRİ dağılana qədər qüvvədə qaldı. Çünki o, bütün ümumxalq razılığı əsasında qəbul olunmuşdu. Buna görə də qanun qəbul olunanda “İctimai iştirakçılıq haqqında” qanuna əsasən maraqlı tərəflər cəlb olunmalı, onların fikirləri dinlənilməlidir. Əgər bu cür ictimai rəy əsasında hazırlanan qanun varsa, yenidən onun müzakirə edilməsinə heç bir ehtiyac qalmamalıdır.
Yaxşı haldır ki, Milli Məclisin ayrılıqda komitələri var. Bu komitələr mövunu müzakirə edərkən maraqlı, bilici şəxsləri də dəvət etməlidir. Bəzən olur ki, dəvətlər edilir, bəzən isə marağı olan şəxslər qanunların müzakirəsi barədə ictimaiyyətdən məlumat əldə edir.
Bir vaxtlar dərsə davamiyyətə görə bir qanun qəbul edilirdi.Burada qeyd olunmuşdu ki, şagird dərsə gəlmədiyi halda valideyn cərimə olunacaq. Ancaq bu qanunun mexanizmi bəlli olmadığı, səbəbləri aşkar olmadığı üçün qəbul edilmədi. Heç kim bilmədi ki, cəriməni kim edəcək, hansısa qurum, yoxsa direktor? Uşaq məktəbə getmirsə, valideynin günahı nədir? Bəlkə övladı evdən dərs adıyla çıxıb?
Qanunun nəticəsiz qaldı. Bu kimi hallara görə hər il “Təhsil haqqında” qanunda dəyişiklik edilir. Biz hələ bilmirik ki, 12 illik təhsilə keçmişik, ya yox? Bir tərəfdən deyilir ki, məktəbəhazırlıq onun bir pilləsidir, bir tərəfdən də deyilir ki, bu təhsil pilləsi prioritetdir, buna keçmək lazımdır. Halbuki, biz 2020-ci ildə həmin sistemə keçməliydik.
“Təhsil haqqında” qanun qalır bir yana, “Ümumi təhsil haqqında” qanunda yazılır ki, məktəbəhazırlıq, ibtidai, orta və tam orta təhsil təhsilin pillələridir. Əgər məktəbəhazırlığı təhsilin pilləsindən hesab ediriksə, o zaman 12 illik təhsilə keçmişik. Məgər keçmişiksə, məktəbəhazırlıq bütün məktəblərdə varmı? Belə çıxır ki, bəzimiz 12 illik təhsildəyik, bəzimiz 11 illik.
Bu kimi hallara görə Milli Məclisə seçkilərdə təhsil adamlarının qələbə qazanması ümumi işimizin xeyrinə olar”.