Bu gündən etibarən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq. Təəssüf ki, birinci turda yüksək bal toplamaqlarına baxmayararaq, düzgün ixtisas seçimi etmədiyi üçün tələbə ola bilməyən namizədlər oldu.
Həmin abitriuyentlər ikinci turdan müvəffəqiyyət əldə etmək üçün seçimi necə etməlidirlər? Hansı balı toplamış şəxslərin qəbul şansı daha yüksəkdir?
AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə əlaqədar təhsil eksperti Adil Vəliyev-lə əlaqə saxladıq.
Ekspert bildirdi ki, ikinci turda blokdan 100 bal toplamış abituriyentlər iştirak edə bilərlər:
“İxtisas seçimi edərkəm statistikanın, plan yerlərininin və digər məlumatların nəzərə alınmaması təəssüf ki, hər il yüksək balla abituriyentlərin universitetə daxil olmamasına səbəb olur. Bəzi valideynlər, abituriyentlər ixtisas seçiminin önəmini çox anlamadıqları üçün seçimi ya özləri edirlər, ya da mütəxəssis olmayan şəxslərə həvalə edirlər. Bu kimi hallarda abituriyent yüksək bal toplasa belə, universitetə qəbul ola bilmir. Bu kimi səbəblərdən dolayı 300 baldan yuxarı kifayət qədər namizəd ya istədiyi ixtisasa daxil olmayıb, ya da ümumiyyətlə tələbə ola bilməyib.
Təəssüf ki, ikinci turda yüksək bal toplayan abituriyentlər üçün prestijli ixtisaslar yoxdur. Düşünürəm ki, abituriyentlər boş qalan plan yerlərinə düzgün seçim etməklə qəbul olub, 1 il sonra ballarına uyğun istədikləri sahəyə transfer etsələr, bu onlar üçün daha faydalı olar. Ümumiyyətlə boş qala plan yerlərinə baxdıqda görürük ki, bütün qruplar üzrə kifayət qədər yer var. İkinci tur seçimində blokdan 100 bal toplamış abituriyentlər ixtisas seçimi edə bilərlər.
Bundan əlavə olaraq buraxılışda kifayət qədər bal toplayaraq, müsabiqə şərtlərini ödəyənlər kollecə sənəd verə bilərlər. Bu zaman onların məzun olduqdan sonra subbakalavr kimi ali məktəbə qəbul olmaq şanları da var”.