Zaman-zaman müxətlif ölkələrdə şagirdlərin məktəbə telefon gətirməsi qadağan edilir.
Belə ki, yeni tədris ilindən Belçika məktəblərində təhsilalanların məktəbə telefon gətirməsi yasaqlanıb.
Hər zaman şagirdlərə telefon qadağaları gündəmə gəlsə də, məktəbdə dərs zamanı müəllimlərin də telefon istifadə etməsi etik qarşılanmır.
Azərbaycan məktəblərində telefon qadağası ilə bağlı müəllim və ya şagirdlərə şamil olunan rəsmi bir qayda yoxdur. Bu, ümumtəhsil müəssisəsinin öz daxili nizamnaməsinə əsasən tənzimlənir.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən iqtisad elmləri doktoru, professor Zahid Məmmədovun sözlərinə görə, müəllimin vəzifəsi dərs deməkdir və o, dərs deməkdən başqa aidiyyəti olmayan telefon danışıqları ilə məşğuldursa, bu qəbuledilməzdir:
“Ümumiyyətlə istər müəllim, istərsə də şagirdlərə telefondan dərs prosesindən istifadə etməmələri tövsiyə olunmalıdır. Hər kəs bilməlidir ki, telefondan dərs vaxtı istifadə etmək düzgün deyil.
Burada müəllimlərin qarşısında 2 seçim dayanır: Ya müəllim məktəbə daxil olan zaman telefon ondan alınmalıdır, ya da müəllim dərs prosesi başlamazdan əvvəl telefonu söndürməlidir. Bir müəllimin dərsdə yersiz telefondan istifadəsi heç də etik deyil”.
Professor qeyd edib ki, müəllimlərlə tövsiyə xarakterli danışıqlar aparılmalıdır:
“Düşünürəm ki, təhsilverənlərə göstəriş vermək düzgün deyil. Çünki müəllim həmişə cəmiyyətə örnək olub. Bir müəllim o qədər səviyyəli və düşüncəli olmalıdır ki, cəmiyyət də ona baxıb nəyisə öyrənməlidir. Ona görə də rəsmi olaraq məktəbdə müəllimlərə telefonu qadağan etmək düzgün deyil”.
Həmsöhbətimiz qeyd edib ki, məktəb və bağçalarda elə müəllimlər var ki, dərslə deyil, ancaq telefonla məşğul olurlar:
“Çox təəssüf ki, biz bu kimi halların şahidi oluruq. Bunun qarşısını almaq üçün təhsilverənləri təlimə cəlb etmək olar. Bu cür məsələlərdə tövsiyə xarakterli danışıqlar aparılmalıdır”.