Sabahdan etibarən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilir. Təəssüf ki, bəzən tələbələr maddi səbəblər ucbatından təhsillərini davam etdirə bilmirlər.
Artıq təhsil haqqı səbəbindən təhsildən imtina etməyə gərək yoxdur. Belə ki, tələbələr Təhsil Tələbə Kreditinə müraciət edərək, təhsil haqqını 14-22 il müddətində ödəyə bilərlər.
AzEdu.az Tələbə Təhsili Kredit Fonduna istinadən kredit barədə ətraflı məlumatı təqdim edir.
Təhsil tələbə kreditinin (TTK) əhatə dairəsi necədir və hansı tələbələr müraciət edə bilərlər?
-Azərbaycan Respublikasında rəsmi olaraq fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura), orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində, normativ təhsil müddətində əyani təhsil alan və əvvəlki semestrin nəticələri üzrə akademik borcu olmayan Azərbaycan Respublikasının vətəndaşları.
Tələbələr TTK almaq üçün ilk olaraq nə etməlidirlər?
-Tələbə istənilən notariat ofisinə yaxınlaşaraq təhsil krediti müqaviləsinin bağlanması ilə bağlı bir sıra razılıqlarını (aidiyyəti qurumlarının informasiya sistemlərindən və ehtiyatlarından sorğu edərək məlumatlarının əldə edilməsinə dair) təsdiq etmək üçün müraciət etməlidir(yaşı 18-dən kiçik olduqda valideynləri və ya himayəçisi ilə birlikdə). *Bu ərizə növbəti müraciətlər üçün də istifadə edilə bilər
TTK-nin hansı növləri vardır?
-Sosial (illik 2%) və Standart (illik 6%). *Təhsil göstəricilərinə əsasən güzəşt hüququ əldə etdikdə 0% (faizsiz)
Hansı tələbələr Sosial TTK-dən istifadə etmək hüququna malikdirlər?
-Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 2. Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olanlar; 3. Ailə başçısını itirməyə görə əmək pensiyası alanlar; 4. Ailə başçısını itirməyə görə sosial müavinət alanlar; 5. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya digər qanuni nümayəndələri: - orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olanlar; - işsiz kimi rəsmi qeydiyyatlıdırsa; - yaşa görə əmək pensiyası alırsa; - yaşa görə sosial müavinət alırsa; - ailə başçısını itirməyə görə pensiya alırsa; - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alandırsa; - Azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsdirsə. Qeyd: TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə tələbənin akademik borcu olmamalıdır.
Hansı tələbələr Standart TTK-dən istifadə etmək hüququna malikdirlər?
-Sosial TTK almaq üçün müvafiq statuslara malik olmadığı təqdirdə, aşağıdakı hər iki şərti təmin edən tələbələr: 1. Birinci tədris ilinin ilk semestri üçün qəbul imtahanında toplanan balın təsdiq edilmiş minimum həddindən yuxarı bala (bax 5-ci suala), növbəti semestrlərdə isə ÜOMG-si 71 və yuxarı bala malik olmalı; Səhifə 2 2. İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəməli. Qeyd: TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə tələbənin akademik borcu olmamalıdır.
Birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart TTK almaq hüququnu müəyyən edən qəbul imtahanında toplanan minimal həddi neçə baldır?
-Bakalavr səviyyəsi üçün 250; (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 100 bal); - Magistratura səviyyəsi üçün 50 (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 30 bal; - Subbakalavriat səviyyəsi üçün 110 bal; - Yüksək texniki peşə və texniki peşə təhsili səviyyəsi üçün attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası 3 olmalıdır.
Tələbə hər semestr üçün hansı məbləğdə TTK ala biləcək?
-Təhsil müəssisəsindəki həmin ixtisas üçün rəsmi qaydada təsdiq edilmiş illik təhsil haqqı məbləğinin bir semestr üçün olan miqdarında: Məsələn, tələbənin illik təhsil haqqı 2000 manatdırsa, Sosial TTK üzrə: - Birinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq; - İkinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq. Standart TTK üzrə: - Birinci semestr 600 (2000/2-2000*20%) manat kredit ayrılacaq; - İkinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq.
Semestr üzrə sosial TTK alan tələbənin özünün ödədiyi təhsil haqqı tam məbləğdə, standart TTK alan tələbənin isə illik təhsil haqqının 20 faizindən artıq olan hissəsi təhsil müəssisəsi tərəfindən tələbəyə geri qaytarıla və ya növbəti semestr üçün transfer edilə bilər.
TTK hansı müddətə verilir?
-Bu müddət tələbənin cari təhsil səviyyəsindən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə verilən güzəşt və möhlət (bax 9-10-cu suallara) dövrlərindən asılıdır. Məsələn, bakalavriat səviyyəsində 14-22 il, magistratura səviyyəsində 12-18 il, orta ixtisas və peşə təhsili pillələrində isə 12-19 il ola bilər.
Tələbə təhsil krediti aldıqdan sonra hansı dövrlərdə ondan kredit geri istənilmir və faiz hesablanmır?
-Əyani təhsil aldığı dövr, güzəşt dövrü və möhlət (bax 9-10-cu suallara) müddətlərində. Səhifə 3 Sual 9: Tələbə TTK-nı məzun olduqdan dərhal sonra qaytarmalıdır? Cavab: TTK-nın qaytarılması üçün tələbəyə məzun olduqdan sonra əmək fəaliyyəti ilə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 il vaxt verilir. Bu dövr güzəşt dövrü adlanır və həmin dövrdə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilməzsə məzundan TTK-nin qaytarılması tələb olunmur və faizlər hesablanmır.
Möhlət hansı hallarda və müddətə verilir?
-TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır:
yuxarı təhsil səviyyəsində əyani təhsil;
həqiqi hərbi xidmət dövrü;
məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);
işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq müddəti.
Təhsil kreditlərində hansı tələbələr üçün və nə kimi güzəştlər nəzərdə tutulub?
-Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır. Belə ki, Sosial növdə ÜOMG-si 71, Standart növdə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır;
Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr aldığı Sosial TTK-nin 50 faizi, Standart TTK-nın isə 25 faizi hissəsinin geri ödənişindən azad olunur.
*Bu güzəştlər ilkin bağlanmış müqavilələrə müvafiq olaraq, semestrin və təhsil səviyyəsinin sonunda tətbiq edilir.