AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
19 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
19 avqust Ümumdünya Humanitar Yardım Günüdür:
Ümumdünya Humanitar Yardım Gününün təsis edilməsi 2003-cü il avqustun 19-da BMT-nin İraqın paytaxtı Bağdaddakı qərargah-mənzilində törədilmiş partlayış nəticəsində yardım işçilərinin həlak olması ilə bağlıdır. 11 dekabr 2008-ci ildə BMT-nin Baş Assambleyasının qətnaməsi ilə elan edilmiş Ümumdünya Humanitar Yardım Gününün məqsədi insanların həyatını xilas etmək üçün çalışan və bu nəcib məqsəd uğrunda həyatını itirən humanitar yardım işçilərinin xatirəsini yad etməkdir.
19 avqust 1995-ci ildə Azərbaycan və Uqanda arasında diplomatik əlaqələr qurulub.
19 avqust xalq şairi Mirvarid Dilbazinin doğum günüdür:
Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
19 avqust 1970-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmov anadan olub:
19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1991-ci il Ağdam rayonu Daxili İşlər Şöbəsinin post-patrul alayına daxil olur.
Vətənimizin cəsur övladı qaynar döyüşlərə girərdi. Şərəfli döyüş yolu keçən Hidəyət bu yolda çox yürüyə bilmədi...23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət qəfil sərrast atəşlərlə erməni quldurlarının xeyli qüvvəsini məhv etdi. Murdar erməni faşistləri evə od vurdular. Qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşdu və qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.