Gənclərin aqressiv davranışlarının artması diqqət çəkməkdə olan məsələlərdəndir. Demək olar ki, hər gün sosial şəbəkələrdə, həmçinin mediada gənclərin törətdiyi xoşagəlməz hadisələrin şahidi oluruq. Aqressiyanın artmasına isə bir çox amil təsir edə bilər. Bir çoxları bunu sosial şəbəkələrin fəsadları adlandırsa da, bəziləri də ailə mühitinin daha çox təsir etdiyini qeyd edir.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən sosioloq Lalə Mehralının sözlərinə görə, əslində hər məsələni sosial şəbəkələrin boynuna yıxmaq məsuliyyətdən qaçmaq xarakteri dayışır:
“İnsan elə bir varlıqdır ki, hansısa məsələ ilə bağlı ilk səhvi özündə axtarmır. Təbii olaraq da valideynlər də özlərində günah görmür, ətraf mühiti suçlayırlar. Bilmək lazımdır ki, həyatda heç nə birtərəfli baş vermir. Aqressiyanı yaşayan gənclər təkcə sosial medianın təsirinə düşmürlər. Burada ailə, sosial çevrə, həmçinin izlədiyi filmlər, oynadığı oyunlar hətta yediyi qidalara qədər hər şeyin öz təsiri var.
İnsanlarda aqressiya yalnız bir səbəbdən olmur. Təsəvvür edin ki, geyimimiz belə bizim aqressiyamıza təsir etmək gücünə qadirdir. Ona görə də yalnız sosial şəbəkələrdə günah görmək doğru deyil”.
Həmsöhbətimiz qeyd edib ki, gənclərdə aqressiya artmağa davam edir:
“Gənclərin əvvəlki dövrlə müqayisəsində aqressiv davranışlarının daha çox özünü büruzə verdiyinin şahidi oluruq. 15-20 il bundan əvvəl gənclər aqressiv vəziyətlərində təkcə özlərinə zərər versələr də, başqalarını narahat etmirdilər. O kini, aqressiyanı öz içlərində həll etməyə çalışırdılar. Amma hazırda gənclər bununla razılşamırlar və haqsızlıq kimi qəbul edirlər.
Belə olan halda da aqressiyanı yönəltməyə, başqalarına tətbiq etməyə çalışırlar. Bu tək gənclərdə deyil, ümumiyyətlə dövrün insanlarında formalaşmış psixoloji vəziyyətdir. Nəticədə ailədaxili qətillər, zorakılıq, biri-birinə qarşı güc tətbiq edən insanların sayı artır.
Ailələrin payına düşən qisim var, amma bunu 100% ailələrin üstünə atmaq və ictimaiyyətin, cəmiyyətin günahının olmadığını demək ədalətsizlik olar”, - deyə fikrini tamamlayıb.