“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Sərəncama əsasən “2022–2026-cı illər üçün xaricdə təhsillə bağlı Dövlət Proqramı”nın müddəti uzadılaraq 2022–2028-ci illər olaraq müəyyən edilib.
Müddətin uzadılması gənclərin dövlət hesabına xaricdə təhsil imkanlarını artırır, onların dünyanın TOP10 siyahısına daxil olan nüfuzlu ali təhsil müəssisələrində təhsil imkanı əldə etmələrinə şərait yaradır.
Həmçinin, edilən dəyişikliyə əsasən hər il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrin sayı 400-dən 500-ə qaldırılaraq, ali təhsilin bakalavriat, magistratura səviyyələri ilə yanaşı, doktorantura səviyyəsi üzrə də xaricdə təhsil alma imkanı yaradılıb.
Mövzu ilə əlaqədar AzEdu.az-a müsahibə verən Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, o, dövlət proqramını yüksək qiymətləndirir:
“Bu proqramı çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, Azərbaycanda istedadlı gəncləri dünyanın ən prestijli universitetlərinə göndərməklə ölkəmizdə təhsilin cəmiyyətini yüksəldirik. Çox istəyərdik ki, xaricdə təhsil almış gənc azərbaycanlılar vətənə qayıtdıqdan sonra yerli təhsil müəssisələrində işləyərək öz bilik və bacarıqlarını yeni nəsilə çatdırsınlar. Bununla yanaşı texniki sahədə təhsil almış tələbələr Azərbaycanda müasir texnologiyalar sahəsində iqtisadiyyatın səviyyəsini yüksəldə bilərlər. Ümumiyyətlə bu proses müsbətdir və dövlət proqramının maliyyə imkanları artıqca dövlət də təhsilalanlarının sayını və proqramın sahəsini genişləndirə bilər”.
Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, istedadlı gənclərin hər birinin təhsil almasına şərait yaradılmalıdır:
“Dövlətimiz həqiqətən gənclərin təhsilinə böyük önəm verir və bu sahədə genişmiqyaslı işlər aparır. Ölkə Prezidenti Azərbaycanın gələcəyi üçün müasir, IV sənaye inqilabına uyğun ixtisasların kadrlarla zənginləşməsi üçün böyük addımlar atır. Amma bu kifayət deyil. Prosesin davamı olaraq daha savadlı, istedadlı insanların dəstəklənməsinin lazımi olduğunu hesab edirəm. Hələ hansısa universitetdə oxumaq, o demək deyil ki, onun dəstəklənməsi zəruridir. İstedadlı adamlara, gələcəkdə bəlli bir prosesi uğurla başa çatdıran, ölkə təhsilinin səviyyəsini yüksəldə biləcək, yaxşı ixtisas əldə edib, güclü mütəxəssisə çevirə biləcək kadrların müəyyənləşməsinə ehtiyac var. Bu müəyyənləşmədə bir az subyektiv məqamlar önə çıxdığına görə bir çox istedadlı gənclər bu proqramdan kənarda qalırlar. Bu məqam düşünülməlidir.
Dövlətin bu sahədə çalışmaları həqiqətən genişdir və çox faydalıdır. Biz çalışmalıyıq ki, proqramın icra vəziyyəti yüksək səviyyədə olsun, boşluq yaranmasın. Nəzərdə tutulan rəqəmdən əlavə (məsələn 500) istedadlı gənclər olacaqsa, onların da kənarda qalmamasına hansısa fondlar vasitəsi ilə təhsil almasına dəstək verə bilək”.