AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
9 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
9 avqust beynəlxalq yerli xalqlar günüdür:
Bu əlamətdar tarix 1994-cü ildə BMT-nin təşəbbüsü ilə həm də mədəniyyətlər, dillər, adət və ənənələr arasında qarşılıqlı hörmət günü elan edilib.
9 avqust Beynəlxalq Kitabsevərlər Günüdür:
Hər il avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd edilir. Bumöhtəşəm gün ilk dəfə Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq Milli Kitab günü kimi qeyd olunmağa başlanıb. Daha sonra isə Amerikada yaranan bu bayram demək olar ki, dərhal dünyanın bir çox yerlərində pərəstişkar qazanaraq Beynəlxalq Kitabsevərlər Gününə çevrilib.
Bu gün bütün dünyada insanlara kitab hədiyyə etməklə qeyd edilir. Bu isə kitabsevərlər üçün ən gözəl bayramdır.
Dünyanın ən məşhur tarixi abidələrindən olan Piza (Pisa) qülləsinin zəng qisminin inşası 1173-cü ilin 9 avqustundan başladı. 8 mərtəbəli 56 metrlik bu qüllənin tikintisi bundan 27 il sonra (1190) tamamlandı.
Azərbaycanın tanınmış mədəniyyət xadimi, dramaturq, şair və publisist Mirzə Məhəmməd Axundzadə 1875-ci ilin 9 avqustunda Gəncədə anadan olub:
Mirzə Məhəmməd Gəncədə peşəkar teatrın yaranmasında bilavasitə iştirak edib: dram əsərləri, operetta və librettolar yazıb. Mirzə Məhəmməd Axundzadə “Difai” firqəsi və “Türk ədəmi-mərkəziyyat” partiyasının rəhbərlərindən olub. O, İranda sürgündə olarkən Səttarxan hərəkatında iştirak edib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında da xidmətləri olan Mirzə Məhəmməd bu dövrdə (1918-1920) maarif nazirinin müavini vəzifəsində çalışıb. O həmçinin Bakı Dövlət Universitetinin yaradılmasının təşəbbüsçülərindən biri olub.