Hazırda Azərbaycan Dillər Universitetində filologiya fakültəsində dosent əvəzi işləyən Səyanə Mövsüm bir zamanlar tələbəsi olduğu Norveçib Oslo Universiteti haqqında çox maraqlı faktları qeyd edib.
AzEDU. az dünyanın ən güclü universitetlərindən birini elə oranın sabiq tələbəsinin dili ilə oxuculara tanıdacaq:
Oslo universiteti…
Oslo Universiteti Skandinaviyada aparıcı universitetlərdən biri sayılır və ardıcıl olaraq “Dünya Universitetlərinin Akademik Reytinqi” tərəfindən tərtib onlunan dünyanın 100 top ali məktəblərinin siyahısında yer alır. 2009-cu ildə o Norveçdə birinci, Şimali Avropa ölkələrində isə üçüncü, Avropada 18-ci və dünyada 65-ci ən yaxşı universitet elan olunub. “Universitetin kitabxanaları, laboratoriyaları, təhsil sistemi yüksək səviyyədə və tam fərqlidir. Müxtəlif korpuslardan ibarətdir. Bildiyiniz kimi Skandinaviya ölkləri şimalda yerləşdiyinə görə, xüsusilə Norveç çox soyuq olur. Buranın havası çox dəyişəkdir. Amma buna baxmayaraq, yaşıllıqların içində mütaliə edib, imtahanlara hazırlaşmaq və s. bunları xatırladıqca üzümdə təbəssüm yaranır.
Gənclər əylənən zaman…
Burada tələbələr müxtəlif fənnlər üzrə təhsil alırlar. İki ölkəni müqayisə etsək, Azərbaycanlı və xarici tələbələr arasında çox böyük fərqi görə bilərik. Ən birincisi burada orta məktəbi bitirən şagirdlərin “mütləq ali məktəbə girməlisən” – deyə məcburiyyətləri yoxdur. Təhsil sistemi demək olar ki, ödənişsizdir. Orada hər bir tələbə öz xərcini özü ödədiyinə görə işləyib sonra təhsil ala bilir və təhsil almağın yaş həddi yoxdur. Yəni mən burada oxuyanda baxmayaraq ki, 28 yaşımda idim məndən də böyük qrup yoldaşlarım var idi. Yaxud da burada tələbələr Norveçin Rifah cəmiyyətində daha yüksək həyat tərzi yaşamaq üçün müxtəlif kurslara qoşulurlar. Bizdən fərqli olaraq, onların tələbəlik həyatında əyləncələr var. Belə ki, könüllülərdən ibarət dəstələr yığılır və çadırlar qurulur. Bu tələbələr gün ərzində digər tələbələrə müxtəlif kitablar, hədiyyələr verirlər. Bununla da onlar bir-biri ilə daha yaxından tanış olur və yeni dərs ilinə psixoloji hazır olurlar. Digər fərq isə tələbələr arasında yazı yazmaq qabilliyyətinin, müstəqil şəkildə fikir yürütmək, istəklərini bildirmək, şəxsi fikirlərini ifadə etmək, araşdırma apararaq, sonda öz qənaətini yazıya köçürmək vərdişlərinin yüksək olmasıdır. Biz də isə bu vərdişlər yoxdur. Burada dərsdən əlavə məcburi tapşırıqlar verilir ki, bu mənim və digər azərbaycanlı tələbələr üçün ilk günlər çox çətin idi. Başqa ölkələrdən gələn gənclər əyləndiyi halda mən gecələr yatmayıb daha çox çalışırdım. Buna səbəb onların metodunu gec tutmağım idi. Norveçdə tələbələrin yazı keyfiyyətinin artırılması fənn olaraq tədris olunur.
Xəyallarımdakı Stiven Pinker…
….Bir tələbə yoldaşım var idi. Bilirdi ki, mən ixtisasımla bağlı araşdırma aparmağı çox sevirəm. Bunun üçün daha çox əslən kanadalı olan böyük alim Stiven Pinkerin mənbələrindən istifadə edirəm. Bir gün mənə dedi ki, “Səyanə Stiven Norveçə gəlir və sən onun təlimində iştirak etməlisən”. Onun verdiyi təlimlərə də düşmək çox çətindir. Rəfiqəm xəbər verən kimi mən sənədlərimi ora göndərdim. Xoşbəxtlikdən həmin siyahıya düşdüm. Payız ayları idi. Burada saat 3-ün yarısından qaranlıq düşür. Biz harasa getmək üçün öncədən mütləq ölçüb biçirdik ki, gecikməyək. Təsadüfən mənim telefonum sönmüşdü. Təlimə getmək üçün universitetin korpusundan çıxanda başa düşdüm ki, telefonum yoxdu. Geri qayıtdım. Uzun məsafəni qət edərək, istədim auditoriyadan telefonumu götürüm lakin otaq bağlı idi. Çox pərişan vəziyyətdə idim. Neçə illik arzumun reallaşmasına bir addım qala belə bir maneəyə rast gəldim. Stiven Pinkeri çox sevirdim və o mənim üçün əlçatmaz idi. Başladım bir azərbaycanlı olaraq deyinməyə. “Ayda bu gün necə pis gündür”- şikayətlər etməyə. Birdən yadıma düşdü ki, deyinməkdənsə, ”Problemini həll elə”. Mail ünvanımı yoxladım və gördüm ki, müəllimim yazıb ki, telefon otaqdadır. Qaça-qaça getdim, lakin qapı bağlı idi. Nəhayət çox çətinliklərdən sonra güclə qapını açdım və ….
Səyanə çətin də olsa Stiven Pinkerlə tanış ola bilib. Bununla o, çətin vəziyyətlərdə deyinməkdənsə, çarə axtarmaqla hər bir problemin həll olduğunu deyir. Əlifbada hərflər çoxdur, çətinliklərdən baş çıxarmaq üçün variantlarda…
Gənclərimizə…
Arzu edərdim ki, hər bir tələbə avropada və hər hansı bir inkişaf etmiş ölkələrin birində təhsil almağa çalışsın. Çünki, oranın verdiyi təcrübəni heç nə ilə qazanmaq olmur. Həmçinin, hər bir insan özəl və fərqli olduğuna inanmalı və iri addımlarla uğurlara imza atmalıdır. Bunun da başlanğıcı təhsildən, fərqli yanaşmalardan, düşüncə tərzinin, dünyagörüşünün zənginliyindən başlayır. Bir də uşaqlıqdan bir devizim olub. “Mübarizə inkişafın mənbəyidir”…
(xaricdetehsil.news)